Ev Blog

İyun ayının 1-dən taksi qiymətləri bahalaşacaq ( ətraflı linkdə )

0
Köhnə avtomobillərə blok qoyulmasının taksi çatışmazlığı yaratdığı deyilir.
İyun ayının 1-dən etibarən taksilərdə minimal gediş haqqı 4.50 AZN olacaq.
TEREFSİZ.AZ xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a taksi sürücüləri məlumat verib. Bildiriblər ki, taksi şirkətlərindən onlara bununla bağlı məlumat verilib. Sürücülərin sözlərinə görə, qiymət artımına səbəb köhnə taksilərdən istifadəyə qadağa qoyulmasıdır.

“Artıq istehsal ili 1999-cu il olan avtmobillərə sifarişlər bloklanıb. İyunun 1-dən etibarən 2005-ci ildə istehsal olunan avtomobillərə də sistem üzərindən sifarişlərə blok qoyulacaq. Bu isə taksi çatışmazlığına, qiymət artımına gətirib çıxarır”, – Murad Məmmədov adlı taksi sürücüsü bildirib.

O, artıq köhnə avtomobillərə blok qoyulmasının taksi şatışmazlığı yaratdığını da bildirib.
“1999-cu ildə istehsal olunan “Çeşka” adlandırdığımız avtomobillərə artıq sifariş ötürülmür. Bir azdan 2005-ci ilədək olan “Opel” və digər markalı avtomobillərə də sifarişlərə blok qoyulacaq. Bundan sonra taksi çatışmazlığı daha qabarıq özünü biruzə verəcək. Çünki, taksi kimi istifadə edilən avtomobillərin çoxu köhnədir. Qiyməti 30-40 min manat olan avtomobili alıb taksi kimi işlətmək sürücülərə sərf etmir”, – sürücü bildirib.
AYNA-dan isə bildirilib ki, yeni qaydalara əsasən, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. Bunun üçün buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır.

“Taksi sifarişi operatorları sözügedən icazəsi olmayan taksi minik avtomobilinin sürücüsünə sifariş ötürə bilməzlər. Bunu edən taksi operatorları İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələnəcəklər. İstehsal tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri kimi istifadə edilə bilməz. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq tələbləri ödəyən sürücülər 2024-cü ilin iyul ayının 1-nə qədər AYNA-ya müraciət edərək buraxılış ilindən 15 il keçməyən nəqliyyat vasitələrinə buraxılış kartı ala bilərlər. Əgər iyul ayın 1-ə qədər müraciət etməsələr, daha sonrakı tarixdə bu kartları ala bilməyəcəklər. 2024-cü ilin iyul ayının 1-dən sonra buraxılış kartı almaq üçün təqdim edilən avtomobillər – buraxılış ilindən 8 il keçməyən avtomobillər olmalıdır”, – AYNA-dan bildirilib.

Sözügedən şərtlər əsasında qiymətlərin bahalaşması iddialarına gəlincə, ANNA-dan bildirilib ki, taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır: “Yeni qaydaların qüvvəyə minməsi ilə taksi xidməti sahəsi tənzimlənəcək və peşəkar əmək bazarı formalaşacaq. Bununla da peşəkar taksi sürücülərinin fəaliyyəti üçün münbit şərait yaranacaq”.
Qeyd edək ki, artıq ötən həftədən taksi qiymətlərində bahalaşma müşahidə olunur. Ötən həftə “Bolt” taksi şirkəti gediş haqqını 10 faiz bahalaşdırıb. “Bolt” Azərbaycan şirkəti taksilərdə 10 faiz qiymət artımının olduğunu təsdiqləyib.
Məlumat üçün bildirək ki, hazırda “Bolt” taksidə minimal gediş haqqı 2,50AZN-dir.
TEREFSİZ.AZ

BDYP hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib

0

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

TEREFSİZ.AZ saytı xəbər verir ki, müraciətdə bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə paytaxtda havanın küləkli olacağı, yağış yağacağı gözlənilir. Bu, eləcə də hazırda bölgələrdə müşahidə olunan yağışlı hava şəraiti isə yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Xüsusilə gecə və səhər saatlarında dumanlı və ya çiskinli hava görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücünün digər hərəkət iştirakçılarını, nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır.

“Həftənin şənbə və bazar günləri, xüsusilə respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, sürücülərdən əlverişsiz havada daha diqqətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi məsləhət görürük”, – deyə məlumatda vurğulanıb.

 

terefsiz.az

Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib – FAKTİKİ HAVA

0

Mayın 12-si saat 10:00-a olan məlumatına əsasən əksər rayonlara arabir yağış yağıb, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub. Arabir güclənən şimal-qərb küləyi əsib.

 

 

Milli Hidrometeorologiya Xidmətindən  bildirilib ki, yağıntının miqdarı Zaqatalada 9 mm, Tovuz, Balakəndə 6 mm, Şəmkirdə 5 mm, Şahbuzda 4 mm, Qax, Gəncə, Şəki, Ceyrançöl, Sədərək, Gədəbəy, Naxçıvan, Şahdağ, Göygöl, İsmayıllı, Tərtər, Kürdəmir, Yevlax, Ağdam, Culfa, Ordubad, Şərurda 3 mm-dək olub.

Mayın 11-i Daşkəsən rayonuna saat 14:45-14:47 radələrində daimetri 8 mm, Daşkəsən rayonu Dəstəfurçay-Qaraqollar ərazisinə saat 15:00-15:18 radələrində 17 mm, Gədəbəy rayonuna isə saat 14:10-14:18 radələrində 9 mm olan dolu düşüb.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 17 m/s, Mingəçevirdə 25 m/s, Tərtər, Goranboyda 23 m/s, Naftalanda 22 m/s, Şahdağ, Şəkidə 20 m/s, Gəncədə 18 m/s-dək güclənib.

Göygöl, Şamaxı, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qax, Yevlax, Göyçayda duman müşahidə olunub.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-25, Naxçıvan MR-da 20-26, Aran rayonlarında 22-27, dağlıq rayonlarda isə 15-19 dərəcə isti olub.

Terefsiz.az

Diqqət! – GEOMAQNİT QASIRĞASI

0

2024-cü ildə Günəşdə aktivlik pik həddə çatacaq. 

TEREFSİZ.AZ saytı xəbər verir ki, bu da 2013-cü ildən sonra Günəşdə yenidən çoxlu sayda partlayışların olması anlamına gəlir. Bu aktivlik 10 ildən 14 ilədək davam edə bilər. Yerdə geomaqnit qasırğası may ayının 3-dən etibarən müşahidə olunmağa başlayıb.

Qeyd edək ki, paytaxtda qasırğa may ayının 5-dən saat 15:00-da bir qədər də güclənəcək və zəifdən orta həddə qədər güclənəcək.

Ümumiyyətlə may ayının 23-25-i və 28-i, 29-u Yerdə güclü maqnit qasırğasının olacağı proqnozlaşdırılır. Bu tarixlərdə ürək-damar xəstəlikləri, həmçinin sinir sistemi oyanıq olan şəxslərin səhhətində problem yaranacağı da deyilir.

 

terefsiz.az

Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin şəxsiyyəti müəyyənləşib.

0

Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin şəxsiyyəti müəyyənləşib.

TEREFSİZ.AZ saytı “report”a istinadən xəbər verir ki, siyahını Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupu rəhbərinin müavini Eldar Səmədov aprelin 30-da keçirilən brifinqdə açıqlayıb.

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

0
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında müxtəlif mövzularda görüşlər keçirilib.

Bu barədə “Tərəfsiz”ə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin Tibb İdarəsi, Azərbaycan Ordusunun Baş Qərargahının Kibertəhlükəsizlik qovşağı, eləcə də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən görüşlərdə Ordumuzda hərbi tibb sahəsində görülən tədbirlər, kiber təhlükəsizliklə bağlı icra olunan fəaliyyətlər, informasiya mübarizəsi işinin təşkili, peşəkar hərbi kadrların yetişdirilməsi, ideoloji iş və mənəvi psixoloji təminat və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, brifinqlər təqdim edilib.

Görüşlərdən sonra Qazaxıstan nümayəndə heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı, Mərkəzi Stomatoloji Poliklinika, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi, Hərbi Tibb Fakültəsi, Azərbaycan Ordusunun Baş Qərargahının Kibertəhlükəsizlik qovşağı və Hərbi Nəşriyyatda görülən işlərlə tanış olub.

Laçına köç davam edir

0

Laçın şəhərinə növbəti köç karvanı yola düşüb.

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 23 ailə – 72 nəfər köçürülür.

 

Köçürülən ailələr Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın RİH-nin nümayəndələri tərəfindən yola salınıb.

 

Köçürülənlərin nəqliyyat vasitələri karvanları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.

 

Bununla da bugünkü köç də nəzərə alınmaqla Laçın şəhərinə cəmi 431 ailə (1627 nəfər) köçürülüb.

 

terefsiz.az

Əli Əsədov Peşə liseyləri ilə bağlı qərar imzaladı

0

Dövlət peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştat cədvəlinə dəyişiklik edilib.

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərara əsasən, işçilərinin sayı 50 nəfərdən çox olan peşə təhsili müəssisələrində 1 (bir) ştat vahidi əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi müəyyən edilir.

 

Peşə liseyləri və peşə təhsil mərkəzlərində təhsilalanların sayı 250 nəfərdən artıq olduqda 1 (bir) ştat vahidi ümumtəhsil fənləri üzrə tədris hissə müdiri vəzifəsi müəyyən edilir. İlk və texniki peşə təhsili səviyyələri üzrə hər ixtisas qrupuna görə 1 (bir) ştat vahidi, “Peşə təhsili müəssisələrinin ayrı-ayrı peşə istiqamətləri üzrə tədris qruplarında orta sıxlığın müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 mart tarixli 86 nömrəli Qərarının 3-cü hissəsində qeyd olunan halda isə 2 (iki) ştat vahidi istehsalat təlimi ustası vəzifəsi müəyyən edilir.

 

Tədrisin kredit sistemi ilə təşkil olunduğu qruplarda təhsil alan hər 100 tələbəyə görə 1 (bir) ştat vahidi tyutor vəzifəsi müəyyən edilir. Hər bir inklüziv təhsil qrupuna görə 1 (bir) ştat vahidi müəllim köməkçisi vəzifəsi müəyyən ediləcək.

 

Qərara görə, peşə təhsili müəssisələrinin filialı olduqda, filial üzrə 1 (bir) ştat vahidi filial müdiri, 1 (bir) ştat vahidi psixoloq, 1 (bir) ştat vahidi tədrisin təşkili üzrə koordinator, 1 (bir) ştat vahidi inzibati işlər üzrə koordinator, 3 (üç) ştat vahidi gözətçi (peşə təhsili müəssisələrində binaların qorunması mühafizə xidməti tərəfindən həyata keçirilmədiyi halda), 1 (bir) ştat vahidi binanın istismarı üzrə texnik, 1 (bir) ştat vahidi
fəhlə vəzifələri müəyyən edilir.

 

Peşə təhsili müəssisələrinin korpusları əsas korpusdan fərqli rayon/şəhərdə yerləşdikdə, korpus üzrə 1 (bir) ştat vahidi korpus rəhbəri, 1 (bir) ştat vahidi psixoloq, 1 (bir) ştat vahidi tədrisin təşkili üzrə koordinator, 1 (bir) ştat vahidi inzibati işlər üzrə koordinator, 3 (üç) ştat vahidi gözətçi (peşə təhsili müəssisələrində binaların qorunması mühafizə xidməti tərəfindən həyata keçirilmədiyi halda), 1 (bir) ştat vahidi binaların istismarı üzrə texnik, 1 (bir) ştat vahidi fəhlə vəzifələri müəyyən edilir.

 

Terefsiz.az

 

ABŞ son 15 ildə ilk dəfə İngiltərədə nüvə silahı yerləşdirəcək

0

ABŞ son 15 ildə ilk dəfə olaraq Böyük Britaniyada nüvə silahı yerləşdirməyi planlaşdırır.

TEREFSİZ.AZ saytı xəbər verir ki, bu barədə “Telegraph” qəzeti Pentaqonun sənədlərinə istinadən yazır.

Nəşr bildirib ki, Böyük Britaniyanın razılıq verməsinə səbəb Rusiyadan gələn təhlükənin artmasıdır.

Kütləvi qırğın silahları Britaniyanın Saffolkdakı Leykenhit aviabazasında olacaq.

Belə ki, Vaşinqton Britaniyaya Xirosimaya atılan bombalardan üç dəfə güclü döyüş başlıqları göndərməyi planlaşdırır.

Terefsiz.az

Yanvarın 23-nə hava proqnozu

0

Yanvarın 23-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə və gündüz 1-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 774 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Dağlıq və dağətəyi ərazilərdə gecə və səhər yolların buz bağlama ehtimalı var.

 

terefsiz.az