Bir neçə günə məşhurlaşmış və qalmaqala səbəb olmuş Zao tətbiqi (VİDEO)

0
74

 Terefsiz.az saytı xəbər verir ki, Çinin Momo adlı şirkəti 30 avqust tarixində yerli App Store-a Zao adlı tətbiqi yükləmişdi. Pulsuz təqdim olunan bu tətbiq adi üz fotosu vasitəsilə filmlərdən, oyunlardan, kliplərdən və s. kimi kontentlərdən olan qısa videolardakı baş qəhrəmanların üzlərini istifadəçinin öz üzü ilə əvəz etməyə imkan verir. Bununla belə bu proses bir neçə saniyədən bir neçə dəqiqəyə kimi çəkir.

Nəticədə tətbiq tez bir zamanda məşhurlaşdı. 1 sentyabr tarixində o, Çinin App Store-da əyləncəli tətbiqlər siyahısında birinci yerdə qərarlaşdı.

    Çinin Weibo sosial şəbəkəsində Zao hashtaglı paylaşımların baxış sayı isə 8 milyondan çox oldu. Zao-nu digər deepfake servislərdən fərqləndirən əsas özəllik isə onun rahat istifadəsindədir. Belə ki, istifadəçiyə machine learning sahəsində hansısa biliyə və ya güclü kompüterə sahib olmasına ehtiyac yoxdur. Sadəcə olaraq ön kameraya sahib smartfonun olması kifayət edir. Hər hansısa bir videodakı şəxsin üzünün digər üz ilə əvəz edilməsini mümkün edən deepfake texnologiyalar 2017-ci ildən məşhurlaşırlar. Zao necə çalışır?

– İstifadəçi servisdə öz telefon nömrəsi vasitəsilə qeydiyyatdan keçir. Daha sonra o öz fotosunu servisə yükləyir və təqdim edilmiş təlimatlar əsasında bir sıra sadə tapşırıqları yerinə yetirir. Məsələn Ağızın bir neçə dəfə açılıb-bağlanması və ya başın bir neçə dəfə aşağı-yuxarı hərəkət etdirilməsi. Bu üsul ilə servisin alqoritmi öz qarşısında real insanın olduğuna əmin olur. China Daily saytı bildirib ki. servis siyasətçilərin və ya tanınmış şəxslərin fotolarını bloklaya bilər.

– Daha sonra istifadəçi Zao-nun bazasında olan videolardan birini seçərək məsələn Leonardo DiCaprio-nun, Robert Downey Jr.-ın, Marylin Monroe-nun və s. tanınmış şəxslərin üzlərini öz üzü ilə əvəz edə bilər. İstifadəçi hər hansı bir videodakı bütün personajların üzlərini də öz üzü ilə əvəz edə bilər.

– İstifadəçi öz videosunu Zao-nun bazasına yükləyə bilməz. Sadəcə olaraq servis tərəfindən təqdim edilmiş videolardan seçmək olar. Bununla belə Zao-nun bazasında filmlərdən, oyunlardan, kliplərdən seriallardan olan yüzlərlə qısa video mövcuddur.

    Lakin servisin bu cür məşhurluq qazanmasına baxmayaraq Zao tərtibatçıları bir neçə günün içində qalmaqala səbəb olmağı da bacardılar. Belə ki, istifadəçilər aşkar etdilər ki, istifadəçi razılaşması şərtlərinə əsasən tərtibatçılar istifadəçilər tərəfindən yaradılmış videoları sərhədsiz şəkildə istifadə edə bilərlər. Məsələn onlar həmin videoları reklam məqsədlərində istifadə edə və ya onları üçüncü tərəflərə ötürə bilərlər. Bütün bunlar isə istifadəçinin razılığı olmadan edilə bilər. Çində çox məşhur olan WeChat adlı messencer Zao servisinə keçidi özündə birləşdirən linkləri bloklamağa başlayıb. Bunun əsas səbəbi isə istifadəçilərin təhlükəsizliklərinin risk altına atılmsı və konfidensiallıq məsələsində əldə olunmuş çoxlu sayda şikayətlərdi.

    Nəticədə istifadəçilər Zao-nun App Store-dakı reytinqini 5 ulduzdan 1.9 ulduza endiriblər.

 Bloomberg-in verdiyi məlumata əsasən istifadəçi kütləsinin təzyiqi nəticəsində Zao tətbiqinin tərtibatçıları istifadəçi razılaşması şərtlərinə dəyişikliklər ediblər. Belə ki, tərtibatçılar bundan sonra istifadəçilərin kontentlərini yalnız servisin təkmilləşdirilməsi üçün istifadə edəcəklərinə söz veriblər. Əgər istifadəçi yüklədiyi kontenti silsə, Zao da həmin kontenti öz serverlərindən siləcək. “Biz, istifadəçilərin məlumatlarının konfidensiallıqları barəsindəki narahatçılıqlarını başa düşürük. Biz sizin suallarınızı əldə etdik və ilkin mərhələdə nəzərə almadığımız problemləri aradan qaldıracağıq. Lakin bunun üçün bir qədər vaxt lazım olacaq” – deyə Zao servisi bildirib.

    Momo şirkətinin təmsilçiləri isə bu vəziyyətə heç bir fikir bildirməyiblər. Zao tətbiqinin tərtibatçıları sözügedən servisin hansı üsulla gəlir əldə edəcəyi barəsində bir məlumat verməyiblər. Məlumata əsasən servisin alqoritminin pulsuz çalışması ilk növbədə Momo şirkətinin resurslarını xərcləyir. 2011-ci ildə yaradılmış Momo şirkətinin tək gəlir mənbəyi isə insanlar arasında tanışlıq sahəsində fəaliyyət göstərən Momo adlı tətbiqdir. Momo şirkətinin bu ilin ilk yarım ilində əldə etdiyi ümumi gəlir 1.15 milyard dollar təşkil etmişdi. Şirkətin təmiz gəliri isə 148.74 milyon dollar idi.

Terefsiz.az

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın