Əllərimizdəki qan…

0
125

Qadınlara qarşı zorakılıq artıq bir neçə gündü ki gündəmdən düşmür. Epidemiya kimi yayılan hadisələr, ard arda durmadan davam edir. Qadına qarşı şiddət azalmaqdansa, artır və bunun qarşısını almaq üçün artıq bir tədbir görmək lazımdır. Dünən yutubda qarşıma bir video çıxdı. Qısa metrajlı bir film kimi çəkilmiş video qadına qarşı boşanmanmış ərinin və qonşuların rəftarı öz əksini tapır. Bu videonu ortaya çıxardan şəxslər məhz öz baxış bucaqlarından inkas etdikləri üçün video heç də bir mənalı qarşılanmayıb. Dostluğumda olan və fikirlərinə hörmətlə yanaşdığım şəxsin bu video haqqında statusuna rast gəldim və sizlə də onu bölüşmək istəyirəm.

Turalın nəinki çəkilmiş videoya, ümumən son zamanlar baş verən hadisələrə məncə ən normal və adekvat fikri bu statusda sərgilənirdi. Adam haqqlıdır, şəxsən mənim üçün haqqlıdır. Çünki bizim cəmiyyətdə təkcə boşanmış yox, istənilən qadın, yaxud da istənilən fərd öz həyatını yaşaya bilmir. Mütləq ki ailəsii, qohum-qonşu, tamamiylə yad şəxslər özünü bir növ borclu bilir ki bu şəxsin işlərinə burnunu soxsun. Kömək etməyə gələndə yaxalarını yana çəkib, mənə nə deyənlər, hər hansı mentalitet və onların fikrincə desək, dəyərlərə zidd nəsə görən kimi bütün işini-gücünü bir qırağa qoyub, düşür həmin adamın üstünə ki “bəs nə yemisən, turşulu aş” haqqın nədi ki, həyatını sən istədiyin kimi yaşayasan? Biz ki məcburən, camaatın gözünə öz həyatımızı başqaları üçün yaşayıb, altdan altdan min oyundan çıxırıq, sən də bizim kimi ol. Ola bilmirsənsə, biz səni öz “tənqid, qınaq, təhqirlərimizlə” batıracağıq. Bunun da adını qoyacağıq “ictimai qınaq”. Halbuki əslində bunun altında daha dərin məsələlər yatır. Öz həyatını istədiyi kimi müxtəlif səbəblərdən yaşaya bilməyən zavallılar, başqası öz həyatını istədiyi kimi sürdüyünə görə ona paxıllıq etdiyindən, şüuraltı, yaxud lap belə şüurlu şəkildə onda aqressiya oyatdığından mentalitet, milli-mənəvi dəyərlər altında bunu elə ballandıra ballandıra təqdim edirlər ki, adam olur xalq düşməni. Şərt o deyil ki bu mütləq qadın olmalıdır. Cinsiyyət elə də önəm daşımır. Sadəcə niyə məhz qadın? Çünki bir xalq olaraq özümüzü dərk edəndən bu yana, kişiləri bir pillə üstün, daha vacib bir fərq kimi önə çəkərək, ona hər şey olarmış kimi, amma qadına isə “o qadındı, mütləq başı aşağı, ailəsindəki kişinin adını batırmayacaq tərzdə” yaşamağına məcbur etmişik. Hal-hazırda vəziyyət dəyişir. Cəmiyyət olaraq, müəyyən böhranlar keçirirk və bu da ailə, fərd, ictimaiyyə olaraq bizə təsirsiz ötüşmür. Bu da çoxuna xoş gəlmir. Öz əvvəlki mövqelərindən əllərini üzmək istəməyən, özlərini tanrı hesab edən bəzilərini bu qıcıqlandırmaqdan savayı, “yaxşı at özünə qamçı vurdurmaz” tipli dəxlisiz atalar sözləri ilə söhbətə müdaxilə edib, zor tədbiq etməyə çalışanlar var.

Kimisə şəxsən mənim, onun, sizin qətlə yetirməyiniz, mənəvi və fiziki təzyiq etməyinə ehtiyac yoxdur. Əgər biz bu hadisələrə susuruqsa, əgər biz bir toplum olaraq, yaxud da bir fərd olaraq, bizə nə deyib, göz yumuruqsa, o hadisələrin əsas səbəbkarlarından birinə çevrilirik. Çünki bu gün bu hadisə qonşuda, qohumda, küçədə, yad bir adamın başına gəlirsə, sabah bizim, yaxınlarımızın başına gələ bilər və heç kim bundan sığortalanmayıb. Unutmayın ki hər susan, göz yuman, özünü karlığa vuran şəxsin əllərində o qətlə yetirilmiş qadınların qan izləri var. Qurbana və qatilə çevrilməməyimiz ümidiylə….

Müəllif: Xanım Əliyeva.

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın