Əhməd bəy Ağaoğlu Hacı Zeynalabdin Tağıyevlə niyə dalaşmışdı?

0
129

1905-ci ilin noyabrında “Həyat” qəzetində Əhməd bəy Ağaoğlunun belə bir məktubu dərc olunur:

“Sevgili qardaşım Əli bəy! Təvəqqə edirəm ki, qəzetinizdə məlum edəsiniz ki, mən bundan sonra “Həyat” müdirliyindən xaric olub “Həyat” ilə heç bir əlaqəm yoxdur.

Əhməd bəy Ağayev.

16 noyabr 1905″.

Məktubun ünvanlandığı Əli bəy o dövrün başqa bir mütərəqqi aydını Əli bəy Hüseynzadə idi.

Bəs Ağaoğlunun ona belə bir məktub ünvanlamasına səbəb nə olmuşdu?

Bu suala cavab tapmaq üçün bir qədər əvvələ qayıtmaq lazımdır.

Lakin öncə kiçik bir qeyd: təqvim XX yüzilliyi, 2021-ci ili göstərərkən Azərbaycanda mətbuat anlayışı hələ də kimlərinsə iradəsindən kənarda təsəvvür edilməzkən, siyasi güc və oliqarxiyanın nüfuzundan qıraqda mövcudluq göstərə bilməzkən, Ağaoğlunun 116 il öncəki prinsipiallığı çox ibrətamizdir.

Bu prinsipiallıq barədə oxuyub utanması gərəkən xeyli media qoçusu var ölkədə.

Əlbəttə, əgər utanma hissini tamam itirməyiblərsə!

Nə isə, söhbəti çox uzatmadan mətləb üstünə gələk.

***

Ağaoğlunun müdirliyindən istefa qərarı verdiyi “Həyat” qəzeti nəşrə 1905-ci ilin yazında, daha dəqiq desək, iyunun 7-də başlamışdı. Qəzetin rəsmi təsisçisi Əli bəy Hüseynzadə idi.

Onun nəşrinə icazə almaq üçün xeyli tər tökmək, əziyyət çəkmək lazım gəlmişdi. Və həmin icazənin alınmasında da məşhur neft milyonçusu Hacı Zeynalabdın Tağıyev mühüm rol oynamışdı. Elə qəzetin maliyyəsini də Tağıyev təmin edirdi.

Lakin “Həyat”ın rekvizitində naşir olaraq Əlimərdan bəy Topçubaşının ad-soyadı keçirdi.

Əhməd bəy Ağaoğlu 1905-ci ilin sonlarınadək redaktor vəzifəsini yerinə yetirmiş, lakin qəzetin, müasir dillə desək, patronu olan Tağıyevlə aralarındakı mübahisələr səbəbindən “Həyat”la yollarını ayırmaq məcburiyyətində qalmışdı.

Bu mübahisələrin motivi isə kifayət qədər aydın idi: Ağaoğlu Hacı Zeynalabdinin qəzetə müdaxilələrini qəbul eləmək istəmirdi.

O hesab edirdi ki, Tağıyevin “Həyat”ı maliyyələşdirməsi ona qəzetin siyasi-ideoloji xəttinə qarışmaq haqqı vermir.

Hələ istefa məktubundan əvvəl Ağaoğlu yenə Əli bəy Hüseynzadəyə ünvanladığı məktubların birində açıq şəkildə yazırdı ki, onun Hacı Zeynalabdinlə qovğasının kökündə qətiyyən şəxsi ixtilaf dayanmır.

Əhməd bəy qeyd edirdi ki, “bütün məsələ, sərmayə və ya başqa sözlə desək, pulu hesabına güc sahibi olmaq istəyən qaba insan ilə azad və müstəqil olmağa çalışan bacarıqlı və dəyərli insan arasındakı uçurumdadır. Hürr və müstəqil olmamız lazım!”

Ümumiyyətlə, bu məsələ ilə bağlı Əhməd bəyin Ə.Hüseynzadəyə məktublarından aydın hiss olunur ki, o, Tağıyevə hədsiz qəzəbli idi. Odur ki açıq və sərt şəkildə yazırdı ki, “dünənədək ticarətlə məşğul olan və bu gün yalnız bankir ruhuna sahib bir kişinin (Hacı Zeynalabdin nəzərdə tutulur – E.A.) böyük və müqəddəs mübarizəyə qarışmasına göz yummayaq. Müsəlmanlara, zəkanın qaba güc qarşısında əzildiyini sübut edən bir örnək deyil, əksinə, yoxsulluqda belə sərbəstlik və azadlığın qalib gəldiyini göstərən bir örnək verməliyik. Bu da ancaq birlikdə, həmrəy halında hərəkət etdikdə, bir-birimizə dəstək verdikdə mümkün ola bilər”.

Əhməd bəy eyni zamanda Əli bəyi də Tağıyevin şəxsi iradəsini qəzet üzərində hiss və nümayiş etdirməsinə qarşı çıxmağa çağırırdı.

Düzdür, Ağaoğlu xalqın maariflənməsində, aydınlanmasında milli burjuaziyanın fəal iştirakına qarşı deyildi. Bununla belə, o hesab edirdi ki, bu iştirak maddi güc hesabına fikir, düşüncə adamlarının sərbəst mövqedən çıxış eləməsini əngəlləməməlidir, bu adamların üzərində hökm sahibinə çevrilmək imkanı tanımamalıdır.

Lakin sonda o, bu istək və tələbinin havada qaldığını görüb “Həyat”dan uzaqlaşmaq qərarı verdi.

Xüsusilə Topçubaşının bu məsələdə Tağıyevin tərəfindən çıxış eləməsi Ağaoğluna qəzetdən istefa verməkdən başqa çıxış yolu qoymadı.

Tezliklə Əhməd bəy Azərbaycan mərtbuat tarixinin daha bir parlaq nümunəsini – “İrşad” qəzetini yaradacaqdı…

***

Yazıya maraqlı bir faktla nöqtə qoymaq istəyərdim.

1910-cu ildə E.Ter-Qriqoryan adlı bir erməni müəllif “Alov və qılınc” adlı pyes yazmışdı. Pyesin personajları arasında iki nəfər diqqət çəkir: biri Şükür ağa, digəri isə Hacı Əhməd…

Müəllif onları ermənilərin və rusların qatı düşmənləri kimi qələmə verilir. İddia budur ki, ruslar üçün ən böyük təhlükə türklərdir və rusları da həmin təhlükədən yalnız ermənilər qoruya bilər.

Faktı maraqlı edən bu deyil. Çünki həmin “təranə”ni bir çox erməni müəllifləri səsləndiriblər.

Faktı maraqlı edən odur ki Ter-Qriqoryanın “Alov və qələnc”ındakı Şükür ağa – Əhməd bəy Ağaoğlu, Hacı Əhməd isə cəmi bir neçə il əvvəl Ağaoğlu ilə ciddi ixtilaf yaşamış Hacı Zeynalabdindən başqası deyildi…