Azərbaycan əhalisi əmlak və torpaq vergisindən azad edilir.
Terefsiz.az-ın məlumatına görə, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlarda bununla bağlı məqam öz əksini tapıb.
Əmlak və torpaq vergisindən azad edilmə müəyyən müddət üçün nəzərdə tutulub.
Həmçinin, vergi ödəyicilərinin mənfəət (gəlir) vergisinə müvafiq məbləğdə və müddətə azadolmalar nəzərdə tutulur.
İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş verginin azaldılması, gəlir vergisi ödəyicilərində isə gəlir vergisindən azad edilməsi də proqramda qeyd edilib.
Bəzi vergi ödəyicilərinin müvafiq müddətə ƏDV-dən azad edilməsi qarşıya məqsəd qoyulub.
Qeyd edək ki, bu proqramlar Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən hazırlanıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bu sənədlərin mahiyyəti barədə martın 31-də ölkə başçısına məruzə edib.
Aprelin 1-də İqtisadiyyat Nazirliyi bu proqramların əsas istiqamətləri, əhatə dairəsi, iqtisadi artıma və sahibkarlığa əsas dəstək alətlərini özündə ehtiva edən baza sənədini ictimaiyyətə təqdim edib.
Aqşin Kərimov
istinad:oxu.az