Əmlak bazarında “bir qızın iki adaxlısı” hallarına nə vaxt son qoyulacaq?

0
170

Əmlak bazarında “bir qızın iki adaxlısı” hallarına nə vaxt son qoyulacaq?

Son illər Azərbaycanda tikinti şirkətlərinin bir mənzili bir neçə şəxsə satması ilə bağlı hallar xeyli azalsa da, yenə də qalmaqdadır. Amma bu, daşınmaz əmlak bazarında rast gəlinən yeganə dələduzluq deyil. Bəzən hətta bir mənzilin bir neçə şəxsə kirayəyə verilməsinə də rast gəlinir. Son nəticədə bəziləri qeyri-qanuni yolla pul qazanır, bəziləri isə həm pulunu, həm də əsəbini itirir. Bəs görəsən əmlak bazarında “bir qızın iki adaxlısı” hallarına nə vaxt son qoyulacaq? “REPORT” bu məsələ ilə bağlı ekspertlərin fikrini öyrənib.

“Az qalıb”

“Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov deyir ki, sözügedən hallara tamamilə son qoyulmasına az qalıb: “Əvvəllər belə dələduzluq halları kütləvi xarakter daşıyırdı. Xeyli sayda şəxsə qarşı cinayət işi açıldı, onlar məsuliyyətə cəlb olundu, uzunmüddətli həbsə məhkum edildi. Bu da tikinti şirkətlərinin rəhbərlərində qorxu yaratdı. Hazırda antikorrupsiya hərəkətlərinə qarşı yeni proqram hazırlanır. Eyni zamanda, bütün yeni inşa edilən binalardakı mənzillər daşınmaz əmlakın dövlət reyestrində əvvəlcədən qeydə alınacaq. Yəni, hər bir mənzilin bəri başdan “çıxarış”ı olacaq ki, bu da bir əmlakı bir neçə şəxsə satmağa imkan verməyəcək. Təcrübə göstərir ki, Azərbaycanda tikinti şirkətləri daha çox binalar istismara qəbul edilmədən mənzilləri satışa çıxarır. Bu cür mənzillər isə yalnız müqavilə əsasında satılır və qanunsuz hərəkətlərə yol açır”.

“Günahkar ilk növbədə alıcıdır”

Hüquqşünas Əkrəm Həsənov isə hesab edir ki, dələduzluq hallarında günahkar ilk növbədə alıcıdır: “Alıcı notarial müqavilə bağlasa, sözügedən risk olmayacaq. Evini satan da, kirayə verən də notarial müqavilə bağlamalıdır. Bu halda sövdələşmə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında baş tutur, bir mənzili bir neçə nəfərə satmaq, kirayə vermək mümkün olmur. Ümumiyyətlə isə dələduzluğun qurbanı olmamaq üçün qanuni yolla iş görməlisən. Azərbaycanda tikinti şirkətlərinin əksəriyyəti dələduzluq etsə də, vətəndaşlar hələ də tikinti şirkətlərindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış olmadan mənzil alırlar”.

Onun sözlərinə görə, bəzən mənzil dələduzluğunda banklar da dolayı yolla iştirak edir: “Tikinti şirkəti binadakı mənzilləri satandan sonra çıxarış alır, hansısa bankdan kredit götürür, binanı həmin banka girov qoyur və normal ödəniş etmir. Sabah da bank gəlib bütün binanı müsadirə edir. Vətəndaşlar deyəndə ki, biz burdan mənzil almışıq, bank deyir ki, sizin müqavilələrinizin heç bir hüquqi qüvvəsi yoxdur”.

Rəsmilər deyir ki, …

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat katibi Elmar Yaqubov də deyir ki, problemdən uzaq olmaq üçün çıxarışlı əmlak almak lazımdır: “Evini satmaq istəyənlərin çıxarış alması isə problem deyil. Vətəndaş MTK-dan müəyyən sənədlər, məsələn, maliyyə arayışı alır. O sənəd göstərir ki, vətəndaşın MTK-ya borcu yoxdur. Bir də hesabdan çıxarış deyilən bir sənəd var. Bu sənədləri MTK-dan alıb, bizim idarəyə gətirməklə çıxarışı almaq mümkündür”.

 

TEREFSİZ.AZ