Ərdoğanın narahatlığına Bakıdan CAVAB – Politoloq açıqladı

0
144

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hər dəfə Bakıya gələndə viza məsələsini qaldırırdı. Ərdoğan bu məsələnin uzanmasından narahat idi”

Terefsiz.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, türk jurnalistlərin Azərbaycan prezidenti İlham Əliyevə verdikləri hər iki sualdan biri rəsmi Bakının Türkiyə vətəndaşlarına tətbiq etdiyi vizanı nə zaman ortadan qaldıracağı ilə bağlı idi: “Azərbaycan rəsmiləri bunu hansısa texniki məsələnin həlli ilə əlaqələndirirdilər. Əsl həqiqətdə isə bu, təhlükəsizlik məsələləri ilə əlaqədar idi. Yəni viza ortadan qaldırılsa, Türkiyədən hansısa təhlükəli qruplar Azərbaycana gələ və bizə problemlər yarada bilərlər. Bu arqumenti əvvəldən qəbul etmirdim. Ona qalsa, Türkiyə başqa dövlətlərin vətəndaşlarına da viza tətbiq etmir və gərək indiyənə qədər problemlər içərisində boğulardı. Tam əksinə, Türkiyə və ya digər qonşumuz Gürcüstan viza prosedurlarından imtina etdikdən sonra turizmdə sıçrayış yaşayırlar. Türkiyə Azərbaycanın strateji müttəfiqidir və vizanın ortadan qaldırılmaması müttəfiqliyə kölgə salan yeganə amil idi. Gec də olsa, doğru qərar verildi”.

Politoloq təklif irəli sürüb ki, rəsmi Bakı İran vətəndaşlarına tətbiq etdiyi viza sistemini də ortadan qaldırmalıdır: “Onsuz da, rəsmi Bakının yeni qərarından sonra Tehran Ankara kimi eyni xahişlə Bakıya müraciət edəcək. Çünki Türkiyə kimi İran da Azərbaycan vətəndaşlarına viza tətbiq etmir. İranla bağlı da müəyyən təhlükəsizlik məsələləri ön plana çıxa bilər. Ancaq önəmli olan İranda yaşayan milyonlarla soydaşımızın Azərbaycana rahat gəlişini təmin etməkdir. Bunun Azərbaycan üçün geosiyasi əhəmiyyəti də var. Doğrudur, deyilə bilər ki, ABŞ-la İran arasında müharibə başlasa, qonşu ölkədən qaçqın axını ilə üzləşə bilərik. Ancaq belə bir ehtimal olsa biz, onsuz da, müharibədən qaçmaq istəyən soydaşlarımıza sərhədin qapısını bağlı saxlaya bilməyəcəyik. Bu halda, vizanın olmasının əhəmiyyəti yoxdur”.

İstinad: Publika.az

Terefsiz.az