101 yaşlı Azərbaycan polisi

0
1109

2 iyul Azərbaycan Polisi Günüdür.

Azərbaycan polisi — Daxili İşlər Nazirliyinin strukturuna daxil olan Azərbaycan Respublikası hüquq mühafizə orqanıdır.

Ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün – 2 iyul Azərbaycan Polisi Günü elan edilib.

Həmin vaxtdan Azərbaycanda hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir.

Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb, Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb. Xüsusilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb.

Bu dövrdə ümummilli lider böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri olub. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər isə yaralanıbb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adına, 1143 nəfər orden və medallara layiq görülüb.

Azərbaycan Respublikasının “Polis haqqında” Qanununa əsasən, polis Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır.

“Polis haqqında” Qanunun 8-ci maddəsinə əsasən, qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur, 9-cu maddəyə əsasən isə, polis xidmətlərinin yaradılması, yenidən qurulması və ləğvi, polisin fəaliyyətinə rəhbərlik, polis orqanlarında vəzifəyə təyin və vəzifədən azad etmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

Terefsiz.az Azərbaycan dövlətinin dəyərlərini şərəflə qoruyan, Azərbaycan xalqının təhlükəsizliyini vicdanla təmin edən və bunun uğrunda hər an həyatlarını belə təhlükəyə atmağa hazır olan bütün polis əməkdaşlarını təbrik edir.

İstinad: Publika.az

Terefsiz.az