1932-ci ildə Misirdə konsert verən musiqi heyətimiz – ARAŞDIRMA + FOTO

0
145

1919-cu ilin 6 martında məşhur yazıçı Rəşad Nuri Güntəkin “Böyük məcmuə”də “Azərbaycan teatrı” adlı məqalə dərc edir. Yazıdan aydın olur ki, iki aya yaxındır ki, İstanbulda Azərbaycan teatr heyəti fəaliyyət göstərir və tərkibi, əsasən, gənc və peşəkar olmayan aktyorlardan ibarətdir. Amma Rəşad Nuri Darülbədayini (1914-cü ildə qurulan, hazırda İstanbul Şəhər Teatrı kimi fəaliyyət göstərən qurum) çıxmaqla, bu heyətin son zamanlar şəhərdəki ən yaxşı heyət olduğunu bildirir:

“Son illərdə Azərbaycanı ziyarət edənlər orada, demək olar ki, Avropa teatrlarına yaxın heyətlərin olduğunu söyləyirlər… Buradakı heyətin Darülbədayi heyəti istisna olmaqla, indiyə qədər İstanbulda təşəkkül etmiş və fəaliyyət göstərmiş heyətlərin hamısından yaxşı olduğunu gördük. Azərbaycanın orta dərəcəli bir heyəti bu qədər yaxşıdırsa, oradakı yerli və təşkilatlanmış teatr heyətlərinin hər halda mükəmməl olması lazımdır”.

Heyətin tamaşasını izləyən Rəşad Nuri Azərbaycanın teatr sahəsində Türkiyəni keçdiyi qənaətinə gəlir, “Arşın mal alan” operettasının verdiyi mesajlardan bəhs edir, Azərbaycan komediyalarını Molyerin əsərlərinə bənzədir. Yazıda ən maraqlı məqam isə Rəşad Nurinin dilimizə olan münasibətidir:

“Azərbaycan türkcəsini Azərbaycan aktyorlarının ağzından eşitmək bir zövqdür. Qulağımıza məmləkətimizin bəzi qismlərində danışılan türkcədən daha munis və şirin gələn bu ləhcəni Azərbaycan teatrı üçün zərərli hesab edənlər, fikrimizcə, doğru düşünmürlər. Ən mənasız söz onların dili ilə tələffüz ediləndə də xoş olur. Məsələn, “maymun sensin” sözünü Məşədi İbadın uzadaraq, qəribə bir ahəng verərək “meeymun sənin özünsən” deyə tələffüz etməsi var ki, gülməmək mümkün deyil”.

Azərbaycan Cümhuriyyəti dövrünə təsadüf edən bu hadisədən sonrakı illərdə də azərbaycanlı sənətçilər Türkiyənin bölgələrini gəzərək, orada tamaşalar verib, teatrla yanaşı, Türkiyədə hətta kino salonları da yaradıblar. Türkiyə və Azərbaycan mühacirət mətbuatındakı yazılardan aydın olur ki, “Azərbaycan Musiqi Heyəti” adlanan bir qurum həm İstanbulda, həm də bölgələrdə çox məşhur olub.

“Azərbaycan Musiqi Heyəti”

Şəxsi arxivimizdəki bir fotoşəklin üzərində belə bir qeyd verilib:

“Sarıqamış: 12 eylül (19)28-də zəfər alayı xatirəsi. Yunan ordusunun məhv və pərişanı və Sakarya müzəffəriyyətinin yıldönümü təsisi günü. Azərbaycan türk operet heyəti”.

Şəkildəki şəxslərin kimlər olduğunu bilməsək də, ön sırada əlində qaval və tar olan iki şəxsin heyətin əsas üzvləri olduğu anlaşılır.

İstanbulda nəşr olunan “Yeni gün” qəzetinin 20 noyabr 1931-ci il tarixli nüsxəsində “Azərbaycanlı artistlər” başlıqlı yazı dərc edilib. Həmin məqalədə bildirilir:

“Azərbaycan türkləri son zamanlarda məmləkətimizdə də haqlı olaraq rəğbət görən musiqişünaslar yetişdirdilər. Azəri şərqiləri Anadolu melodiyalarının sanki daha qərbliləşmiş bənzərləridir və nəğmələrində mühitə içdən-içə təsir edən incə bir məna vardır”.

Mühacirlərin çap etdiyi “İstiqlal” qəzetində bu xəbərə yer verilib və “Azərbaycan Musiqi Heyəti” haqqında maraqlı bilgilər təqdim edilib:

“Bir-iki il əvvəl başda müqtədir və mahir artistimiz Hüseyn bəy olmaqla, vətəndən ayrı düşən ziyalı gəncliyin təşəbbüsü ilə təşkil edilən bu heyətə hazırda İstanbulun ali məktəblərində təhsil alan bir neçə mühacir gənc, Məhəmməd Fərzəli bəy kimi tanınmış və bütün Azərbaycanda bilinən xanəndəmiz, Məhəmməd Hüseyn bəy kimi çox qiymətli gənc artistimiz, mahnı oxumaları və milli rəqsləri ilə hər kəsi sehrləyən Asya və Sara xanım adında gənc qızlarımız da daxildirlər. 

Keçən il Anadolunun Qara dəniz sahillərinə turneyə gedən heyət böyük müvəffəqiyyətlə qayıtmış, ondan sonra İzmir başda olmaqla, Anadolunun Aralıq hövzəsində aylarla uğurlu fəaliyyət göstərmişdi. Hazırda heyətin bir qismi Ankarada çalışmaqda, yuxarıda adları çəkilən qismi isə İstanbulda Bəyoğlu “Mulen ruj” teatrı ilə Şahzadəbaşı “Ferah” teatrında hər gün axşamlar şərqi oxumaqda və İstanbul xalqı tərəfindən alqışlanmaqdadırlar”. (“İstiqlal”, № 3, 1932).

Yazıdan aydın olur ki, heyət “Arşın mal alan”, “O olmasın bu olsun”, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Aşıq Qərib” kimi milli opera və operettaları məharətlə ifa ediblər. Heyətin rəhbərlərindən Məhəmməd Hüseyn bəy özü də xalq motivlərinə əsaslanan yeni əsərlər yazıb, milli şairlərin şeirlərinə mahnılar bəstələyib. Musiqi heyəti isə bu şəxslərdən ibarət olub: Tarda Hüseyn, Kamil, Ehsan, kamançada Muhsin, pianoda Əli, qarmon və balaban-zurnada Sadıq.

“İstiqlal” qəzetində verilən digər bilgiyə görə, 1932-ci ilin fevral ayının 18-də İstanbulda Bəyoğlunda “Mulen Ruj” salonunda “Azərbaycan Musiqi Heyəti” Üzeyir bəy Hacıbəylinin əsərini ifa ediblər:

“Milli Azərbaycan musiqisini tanıtmaq yolunda çox dəyərli xidmət göstərən tarzən Hüseyn Qasım bəylə xanəndə Məhəmməd Fərzəli bəyin idarə etdikləri “Azərbaycan Musiqi Heyəti” Üzeyir bəyin ölməz əsəri olan “Arşın mal alan” operettasını ifa ediblər. Baş rol olan Əsgəri heyətin güclü üzvlərindən Məhəmməd Hüseyn bəy müvəffəqiyyətlə ifa etdi. Gülçöhrə rolunda Bakının zəngin bir ailəsinə mənsub, mühacirətdə isə həyatını milli havalarımızı oxumaq və milli rəqslərimizi oynamaqla qazanan Quluzadə Sara xanım ona bəslənən ümidlərin fövqündə bir uğur göstərdi. 

Vəli rolunda Sadıq bəy çox orijinal bir tip yaratmağa müvəffəq oldu. İstanbulda Darülbədayi tamaşalarında, “Axın” və “Yalova türküsü” kimi əsərlərdə də iştirak edən bu gənc artistimizə daha çox uğurlar arzulayırıq. Süleyman rolunda M.İbrahim, Sultan bəy rolunda Həsən Rza bəy yaxşı idilər. Asya rolunu Lüsü, Xala rolunu Qaraqaş xanımlar ifa etdilər. Hər ikisi yerli olduqlarından əsərin ümumi ahənginə bir başqalıq əlavə etməklə yanaşı, rollarını ifa edə bildilər. “Azərbaycan Musiqi Heyəti”nin gənc artisti Asya xanım Telli rolunu ifa edirdi. Milli Azərbaycan rəqslərinin canlı timsalı olan bu utancaq qızcığaz çox təbii hərəkətləri ilə “utancaq bir Telli” yaradırdı və çox da müvəffəq oldu. Musiqi hissəsini isə Hüseyn bəy idarə edirdi”. (“İstiqlal”, № 7, 1932).

Qəzetdəki bu bilgidən aydın olur ki, “Azərbaycan Musiqi Heyəti” geniş kollektivə malik olub, əsasən, Üzeyir bəyin əsərlərini oynayıblar.

“İstiqlal” qəzeti heyət haqqında bir-iki cümləlik tənqidə də yer verib. Aktyorların hamısının azərbaycanlı olmasını və əsərdə şivə daxil hər hansı bir dəyişiklik edilməməsini tövsiyə edib. Xüsusilə azərbaycanlı olmayan aktyor Lüsünün yad rəqsinin əsərin ruhuna zərər gətirdiyini qeyd edib.

1932-ci ilin mayın 15-də İstanbulda Şahzadəbaşında “Ferah” teatrında Azərbaycan və Krım gəncləri “Şərq gecəsi” adı ilə tədbir təşkil ediblər. Gecədə “Azərbaycan Musiqi Heyəti” və başqa bir Azərbaycan heyəti də iştirak edib. Tədbirdə yenə Üzeyir bəyin əsərlərindən ifa edilib, “Qaytarma” və başqa milli rəqslər oynanılıb. Heyətdən Məhəmməd Həsən bəylə Asya xanım duet oxuyublar.

Yenə “İstiqlal” qəzetində verilən xəbərdən heyətin geniş tərkibinin adlarını öyrənirik: Xanımlar: Rukiyyə, Səriyyə, Sona, Sara, Asya, Sara, Fərihə, Aliyə; Kişilər: Hüseyn, Məhəmməd Fərzəli, Kamil, Əli, Sadıq, Məhəmməd Hüseyn, Səlim, Teymur, Həmid, Əziz, Səməd, Nisan, Muhsin, İlyas. Cəmi 22 nəfər! (“İstiqlal”, № 12, 1932).

Misir səyahəti

Yenə “İstiqlal” qəzetindən öyrənirik ki, “Azərbaycan Musiqi Heyəti” 1932-ci ildə Türkiyə heyəti ilə birlikdə Misirə gediblər.

“Yay aylarında İzmirə turneyə gedən “Azərbaycan Musiqi Heyəti” bir Türk sənətkar heyəti ilə birlikdə oradan Misirə səyahət ediblər. Heyətimizin Misirdəki konsertləri Misir xalqı tərəfindən təqdirlə qarşılanıb və çox uğur əldə edib. Azərbaycan milli operalarından ifa edilən parçalar, xüsusilə “Leyli və Məcnun” və “O olmasın bu olsun” opera və operettalarından alınan motivlər, milli Azərbaycan rəqsləri misirlilərə fövqəladə təsir edib, heyət üzvləri alqışlanıblar. Musiqi heyətimizin rəhbəri Hüseyn bəylə dostlarının ümumi rəyi belədir ki, daha müntəzəm bir heyət halında gedilərsə, Azərbaycan adına daha çox uğurlar əldə etmək mümkün olacaqdır.

Bu, musiqi heyətimizin Türkiyə xaricinə ilk çıxışıdır. Türkiyənin müxtəlif şəhərlərində hərarətlə qarşılanan heyətimizin ərəb dünyasının ən mədəni qismi olan Misirdəki bu uğuru məmləkət adına bir qazancdır” (“İstiqlal”, № 18, 1932).

Qurban və 28 May bayramı

1933-cü ilin Qurban bayramında “Turan” cəmiyyəti İstanbulda musiqili tədbir keçirib. Tədbirdə yerli türklərlə yanaşı, Azərbaycan, Türküstan, Krım, İdil-Ural ərazilərindən olan mühacir türklər də iştirak ediblər. Tədbiri cəmiyyətin sədri Məhərrəm Feyzi bəy açıb, türklərin son illərdə başına gələn fəlakətlərdən bəhs edib. Tədbirin rəsmi hissəsindən sonra səhnəyə “Azərbaycan Musiqi Heyəti” çıxıb. Tarda Hüseyn bəy, pianoda Əli bəy ifa ediblər. Tədbirdə milli mahnılar oxunub, rəqslər oynanılıb. M.Hüseyn bəy istiqlal şairi Gültəkinin şeirlərini səsləndirib (“İstiqlal”, № 33, 1933).

Heyət 1933-cü ildə Azərbaycan Cümhuriyyətinin istiqlaliyyətinin elan edilməsinin 15-ci ildönümü münasibətilə İstanbulda təşkil edilən tədbirdə də bütün üzvləri ilə birgə iştirak edib. İstanbul Xalq Evində keçirilən bayram tədbirini “Azərbaycan Tələbələr Birliyi” təşkil edib (“İstiqlal”, № 36, 1933).

Heyətin ağsaqqalı Məşədi Məhəmməd Fərzəliyev

Heyətin hansı tarixə qədər fəaliyyət göstərdiyi, üzvlərinin həyat hekayəsi bizə məlum deyil. Amma heyətin əsas rəhbərlərindən olan Məşədi Məhəmməd Fərzəliyevin musiqi tariximizdə mühüm yeri var.

M.Fərzəliyev 1872-ci ildə Şuşada doğulub. Gəncədə, Tiflisdə, Batumda, Vladiqafqazda, İstanbulda və Avropa şəhərlərində musiqi fəaliyyəti ilə məşğul olub. Firidun Şuşinskinin yazdığına görə, Cabbar Qaryağdıoğlu musiqi məclislərinin birində etiraf edib ki, Qafqazda özünə rəqib bildiyi iki xanəndə var: biri Zabul Qasım, digəri Məşədi Məhəmməd.

M.Məhəmmədin oxuduğu “Bayatı-Kürd”, “Rast”, “Şur”, “Çahargah”, “Zabul-Segah”, “Kürd Şahnaz” muğam dəstgahları, “Heyratı”, “Mənsuriyyə”, “Səmayi-Şəms”, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Kərəmi”, “Əfşarı” zərbi muğamları ona şöhrət qazandırıb. “Qarabağda bir dənəsən”, “Alma”, “Nəbi”, “Vətən şərqisi”, “Mən bir türkəm”, “Axşam oldu” təsnifləri onun ifasında çox sevilib.

1912-1915-ci illərdə o, “Sport-rekord” (Varşava) və “Ekstrafon” (Kiyev) səhmdar cəmiyyətlərinin dəvəti ilə 40-a qədər muğam, təsnif və mahnı oxuyub, vala yazdırıb. 1923-cü ildə Gəncədə açılan şəhər musiqi məktəbində muğamatdan dərs demək üçün dəvət alıb. 1926-cı ildən muğam üçlüyünün müşayiəti ilə Rusiyanın bir çox şəhərlərində, Polşa, Almaniya, Fransa, Belçika, İngiltərə, Avstriya, Rumıniya, Türkiyə və İranda dəfələrlə konsertlər verib. 1929-cu ildən Türkiyəyə köçərək, ömrünün sonuna kimi burada yaşayıb. 1962-ci ildə vəfat edib.

Dilqəm Əhməd
Araşdırmaçı-jurnalist

istinad:oxu.az