31 mart bələdiyyə seçkiləri İstanbulun siyasi mənzərəsini ciddi şəkildə dəyişdirdi.

0
433

31 mart bələdiyyə seçkiləri İstanbulun siyasi mənzərəsini ciddi şəkildə dəyişdirdi.

Ən böyük dəyişiklik səs sayını artıran Cümhuriyyət Xalq Partiyasının (CHP) 25 il sonra böyükşəhər bələdiyyəsində qələbə qazanması oldu.

Rəsmi olmayan nəticələrə görə, Millət İttifaqının CHP-dən olan namizədi Ekrem İmamoğlu səslərin 48,79%-ni qazanaraq 24 min 408 səs fərqiylə bələdiyyə başqanı seçildi.
Ədalət və İnkişaf Partiyası (AKP) İstanbul seçkisinin nəticələrinə etiraz etməyə hazırlaşır.

Cümhur İttifaqının AKP-dən olan namizədi Binali Yıldırım 1 aprel tarixli açıqlamasında 319 min 500 səsin etibarsız sayıldığını demişdi: “Bundan başqa edilən bəzi pozuntular, səhv cəhdlər var”.

AKP İstanbulun bəzi qəsəbələrində uduzdu, 4 qəsəbədə bələdiyyə başqanları dəyişdi, bəzilərində yeni balans yarandı.

Bu dəyişikliklərin detalları nədir və bunlar necə baş verdi?

İYİ partiyasının CHP-yə təsirləri
31 mart seçkilərində CHP Böyükşəhərdən başqa, həm də bu qəsəbə bələdiyyələrində qalib gəldi – Adalar, Ataşəhər, Avçılar, Bakırköy, Beşikdaş, Bəylikdüzü, Böyükçəkməcə, Esenyurd, Kadıköy, Qartal, Kiçikçəkməcə, Maltəpə, Sarıyer və Şişli.

CHP bütün qəsəbə bələdiyyələrində də səslərini artırdı.

Böyükşəhərdə və ittifaq qurulan qəsəbələrdə İYİ-nin CHP-yə təsiri böyük oldu.

Millət İttifaqı çərçivəsində CHP Arnavutköy, Bağçılar, Esenlər və Kağıthane-də İYİ-nin namizədlərini dəstəklədi.
Beşikdaş, Bakırköy, Beykoz, Fatih və Şile-də İYİ seçkilərə CHP-dən ayrılıqda öz namizədləriylə qatıldı. Yerdə qalan bütün qəsəbələrdə və böyükşəhərdə isə CHP-ni dəstəkllədi.

İYİ-nin ən az səs aldığı yer “Fatihi suriyalılara təslim etməyəcəm” plakatları mübahisələrə səbəb olmuş İlay Aksoyun namizəd olduğu Fatih olub. O, seçkini 4.4% səslə başa vurdu.
İYİ ən yüksək nəticəni AKP-nin güclü olduğu Şile-də əldə etdi – 33,45%.

Səslərin hesablanması göstərir ki, bu partiya 24 iyun seçkilərində əldə etdiyi səs səviyyəsini qoruya bilib, böyükşəhərdə və ittifaq qurulan qəsəbələrdə isə İYİ-nin tərəfdarları CHP-yə səs veriblər.
HDP-nin seçki strategiyası İmamoğluna necə kömək etdi?
31 mart seçkilərində Xalqların Demokratik Partiyası (HDP) Qərb zonasında AKP-ni zəiflətməyi hədəfləyən strategiya tətbiq etdi.

24 iyun parlament seçkilərində HDP 12,52% səviyyəsinə yüksələ bilmişdi.

Partiya bu seçkilərdəki strateqiyasına uyğun olaraq bir çox vilayət və qəsəbələrdə İYİ deyil, CHP namizədlərini dəstəklədi.

31 mart seçkilərində partiya bəzi qəsəbələrdə seçkiyə qatılmamağa, bəzilərində sadəcə bələdiyyə və məclis üzvü namizədləriylə, bəzilərində isə həm qəsəbə, həm də bələdiyyə məclisi üzvlüyünə namizədlərlə qatılmağa üstünlük verdi.
Bütün seçki kampaniyası boyu HDP öz seçicilərini CHP-yə səs verməyə çağırdı.

Bəzi anket şirkətlərinin göstəricilərindən də bəlli olduğu kimi, zaman keçdikcə HDP tərəfdarları buna daha çox meylləndilər.

Ekrem İmamoğlunun HDP elektoratına müsbət mesajlar verən açıqlamaları da onların seçiminə təsir etdi.

Nəhayət, HDP-nin hazırda həbsdə olan keçmiş həmsədri Selahattin Demirtaş-ın partiya tərəfdarlarını səsvermədə iştiraka və CHP-yə səs verməyə çağırması da HDP elektoratının Ekrem İmamoğluna yönəlməsinə yardım etdi.

Esenyurt və Küçükçekmece-də HDP təsiri

HDP-nin CHP-yə dəstəyi bəzi qəsəbə bələdiyyələrinin uzun illərdən sonra AKP-dən CHP-yə keçməsinə səbəb oldu.

İlk sırada yarım milyondan çox seçicisi, təqribən 850 min əhalisi olan, İstanbulun böyük miqrasiya nəticəsində qurulmuş rayonu Esenyurt durur.

Əsasən kürdlərin yaşadığı ərazidə 24 iyun 2018-ci il parlament seçkilərində AKP 39,4%, CHP 22,7%, HDP 22%, Milliyyətçi Hərəkat Partiyası (MHP) 8,5%, İYİ 5,9% səs toplamışdı.
15 il ərzində CHP üzvü Gürbüz Çapan-ın idarə etdiyi Esenyurt bələdiyyəsi 2004-cü ildə AKP-yə keçmişdi. İndiki seçkilərdə ilk növbədə HDP-nin, sonra da İYİ-nin dəstəyilə orada yenidən CHP-nin namizədi qalib gəldi.

HDP-nin güclü olduğu daha bir qəsəbədə – Küçükçekmece-də oxşar vəziyyət yarandı.

Nəticə etibarilə orada CHP 6% fərqlə seçkini uddu.

AKP-nin qalası sayılan, xeyli sayda kürdün yaşadığı Sancaktepe-də HDP-nin dəstəyi sayəsində CHP-nin səsləri 2014-cü ildəki bələdiyyə seçkilərindəki 34,8%-dən 47,12%-ə yüksəldi.

AKP-nin qalib gəldiyi digər bələdiyyələrdə – Bahçelievler, Esenlər, Gaziosmanpaşa, Güngören, Zeytinburnu, Tuzla, Beyoğlu və Arnavutköydə də CHP-nin səslərinin artdığı müşahidə olundu.

AKP 24 qəsəbədə qalib gəldi, Çatalca-nı CHP-nin əlindən aldı

İstanbulun bəzi qəsəbələrində geriləyən və İstanbul böyükşəhər seçkisini uduzan AKP 24 qəsəbədə bələdiyyə başqanlığını qazandı.

Həmin qəsəbələr bunlardır: Beykoz, Beyoğlu, Çatalca, Çekmeköy, Esenler, Eyüpsultan, Fatih, Gaziosmanpaşa, Güngören, Kağıthane, Pendik, Sancaktepe, Sultanbeyli, Sultangazi, Şile, Tuzla, Ümraniye, Üsküdar və Zeytinburnu.
CHP-dən AKP-yə keçən yeganə qəsəbə Çatalca oldu.

Qəsəbədə AKP 51,58%, CHP 46,30% səs qazandı.

MHP-dən AKP-yə əhəmiyyətli dəstək
Ənənəvi olaraq İstanbulda güclü siyasi oyunçu olmayan MHP hər dövrdə qoruduğu bəlli bir səviyyədəki səsini Cümhur İttifaqına qataraq

AKP-yə əhəmiyyətli səviyyədə dəstək vermiş oldu.

Nəticədə AKP CHP-yə aid bəzi qəsəbə bələdiyyələrində kiçik faizlə də olsa qalib gəldi.
Məsələn, AKP Üsküdar-da 48,25% (CHP – 45,42%), Zeytinburnu-da 50,42% (CHP – 46,08%), Bayrampaşa-da 49,29% (CHP – 44,75%), Sancaqtepe-də 49,91% (CHP – 47,12%) səs toplaya bildi.

Həm bu cür qəsəbələrdə, həm də böyükşəhərdə MHP-nin dəstəyi AKP üçün həyati əhəmiyyət daşıdı.

MHP ilk dəfə İstanbulda bələdiyyə qazandı
Cümhur İttifaqı çərçivəsində İstanbulun ancaq Maltepe, Beşiktaş və Silivri bələdiyyələrinə namizəd verən MHP sonuncusunda əhəmiyyətli bir qələbə qazandı.

CHP-çilər həmin bələdiyyədə 6,7% səs toplamış DSP namizədi Selami Değirmenci-ni səsləri bölməkdə günahlandırdı.

MHP-nin namizədi Volkan Yılmaz bələdiyyə başqanı seçilməklə həm CHP-nin güclü olduğu qəsəbədə bələdiyyəni onun əlindən almış oldu, həm də partiyasına ilk dəfə İstanbulda bələdiyyə qazandırmış oldu.

MHP-nin seçkilər boyu bu qəsəbədə ciddi kampaniya aparmaması və daha çox “həyatda qalmaq” mövzusuna önəm verməsi diqqət çəkdi.

Şişlide”Sarıgül dövrü bitdi”

İstanbuldakı seçkilərin diqqət çəkən nəticələrindən biri də Şişlinin keçmiş bələdiyyə başqanı Mustafa Sarıgül-ün məğlubiyyəti oldu.

Sarıgül və komandası bundan əvvəlki seçkilərdə CHP-nin bələdiyyə başqanı Hayri İnönü ilə böyük problemlər yaşatmışdı.
Sarıgül bu seçkidə CHP-nin namizədi olmaq istədi, ancaq partiya ona Eyüp bələdiyyəsini təklif etdiyi üçün Şişli-də seçkiyə Demokratik Sol Partiyanın namizədi olaraq qatıldı.

Seçki kampaniyası xeyli mübahisəli keçdi. Bu dönəmdə üzə çıxan “zibil böhranının” arxasında Sarıgül-ün olduğu iddia edildi. Özü bu ittihamları rədd etdi.

Seçki CHP namizədi Muammer Keskin-in qələbəsiylə (48,54%) başa çatdı. Sarıgül cəmi 28,82% səs toplaya bildi.

Bəzi şərhçilər bu duruma “Şişlidə Sarıgül dövrü tamamən bitdi” deyə münasibət bildirdilər.