“Ölən öləcək, həbs edilməli olan tutulacaq, gedənin yolu açıqdır…” – Deputat

0
70

“Birmənalı şəkildə deyirəm ki, qətiyyən mən Qarabağ erməniləriylə görüşə getmərəm. Nə üçün? Çünki 1991-ci il sentyabrın 2-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindəki ermənilər özləri üçün “Dağlıq Qarabağ Respublikası” deyilən, “Artsax” adlanan qondarma-separatçı rejim yaradıblar. Çox təəssüf ki, bunların fəaliyyəti hələ də davam etməkdədir. Onlarla danışıq aparmaq isə onları tanımaq demək olar. Qətiyyən, belə olmamalıdır”. 

Terefsiz.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib.

Millət vəkili Ermənistan parlamentinin spikeri Alen Simonyanın “Azatutyun”a müsahibəsində səsləndirdiyi “Azərbaycan tərəfi Qarabağ “hakimiyyəti” ilə danışıqlara getməlidir” fikirlərə münasibət bildirib.

E.Məmmədovun qənaətinə görə, Azərbaycan yaxın vaxtlarda öz ərazisini həmin terrorçulardan tamamilə təmizləyəcək:

“Cənab Prezidentin bu günlərdə yerli telekanallara verdiyi müsahibəsində belə bir fikir səsləndirdi ki, kim bizim vətəndaşlığımızı və qanunlarımızı qəbul edəcəksə, qalsın, yaşasın, – hansı ki, söhbət Vardanyanlardan getmir, çünki onlar bu ərazidə yaşamayıblar. Söhbət 1988-ci ilə qədər orada yaşamış və bizə qarşı cinayət törətməmiş ermənilərdən gedir – kim tabe olmayacaqsa, vətəndaşlığımızı qəbul etməyəcəksə, yol açıqdır, hara istəyirlər, gedə bilərlər”.

Milli Məclis üzvü düşünür ki, uzun illərdir bu xam xəyallar, eləcə də ermənilər tərəfindən vaxtaşırı ortaya atılan fikirlər davam edir:

“Cinayətkar ATƏT-in Minsk qrupunun cinayətkar dəstəsi də uzun illərdir bu təklifləri dəfələrlə verib ki, siz bunlarla danışıqlara gedir. Kimdir axı onlar?! Separatçı, cinayətkardır, ərazimizdə kök salıblar! Bizim vəzifəmiz, borcumuz onları ərazimizdən tamamilə təmizləməkdir. Ölən öləcək, həbs edilməli olan tutulacaq, gedənin isə yolu açıqdır, gedəcək”.

Müsahibimiz iddia edib ki, artıq “Laçın dəhlizi” deyilən bir anlayış yoxdur:

“Laçın dəhlizi Azərbaycan yeni yolu çəkib verənə qədər idi. İndi Xankəndidən Laçın ərazisindən keçməklə Ermənistana gedən yol var. Bu yol da Azərbaycan ərazisidir. Buna görə də bu yol barəsində Ermənistanın fikir söyləməsi absurd və yersizdir, yol və ərazi bizimdir. Dinc aksiyaçılarımız da 1 aydan artıqdır sözlərini deyirlər. Az qalıb, müəyyən qədər vaxtdan sonra biz bu məsələləri bir az sərtləşdirəcəyik. O yolda bizim gömrük postumuz qoyulmalıdır, sərhəd-buraxılış məntəqəmiz olmalıdır. Çünki biz suveren, müstəqil dövlətik və bizim ərazimizə girən kim varsa, sərhədçilərimiz tərəfindən yoxlanmalı, gömrükçülərimiz tərəfindən nəzarət olmalıdır. Hətta Daxili Qoşunlar da o yolda fəaliyyətə başlayacaq”.

Həmsöhbətimiz aydınlaşdırıb ki, dəhliz onda mövcud olardı ki, onlar da bizə dəhliz verərdilər:

“Çünki müharibənin bitməsindən 2 ildən artıq vaxt keçməsinə baxmayaraq, hələ də bizə Zəngəzurdan dəhliz verilməyib. Əgər 400 min nəfərdən çox əhalimizin yaşadığı Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında ermənilər bizə yol vermirsə, gediş-gəlişə şərait yaratmırsa, biz nəyə görə onlara yol verib, şərait yaratmalıyıq?! Artıq bu məsələlər gündəmə gəlir və gələcək də. İndi bizim bu etirazlarımız bir az da başqa formada sərtləşəcək”.

Deputat Ermənistan hakimiyyətinin yuxarı eşelonundan səslənən “Azərbaycan-Qarabağ danışıqları” ifadəsinə də toxunub. Onun qənaətinə görə, bu, məkrli planın bir parçasıdır:

“O ki qaldı Simonyan bunu dedi, Paşinyan onu dedi və s. Bunların hamısı boş söhbətlərdir və vaxtaşırı ermənilərin məkrli hiylələri ilə ortaya atılmış fikirlərdir. Necə ki Azərbaycan ərazilərimizin 99%-ni düşmənlərdən təmizləyib, artıq bu gün Azərbaycan sərhədçisi Ermənistanın başı üzərində dayanıb və vizual qayda da o əraziləri nəzarətdə saxlayır, eləcə də Qarabağda qalan az miqdarda cinayətkarlar ki var, bunların da axırına çıxacağıq. Qısası, onlar ya xoşluqla ərazilərimizi tərk etməlidirlər, ya da Azərbaycan qanunlarıyla cəzalarını alacaqlar”.

Rafi MÜSLÜMOV