“Başımız qarışıb Vasif Talıbova, 12 dəfə ərə gedən arvada…” – AMEA əməkdaşı

0
184

“2022-ci ildə müdafiə edilən 649 dissertasiyadan 427-si geri qaytarılıb. Rəhbərləri, rəy verənləri və şura sədrləri həbs edilməli, zərərçəkənlərin pulları isə geri qaytarılmalıdır”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev sosial şəbəkə hesabında yazıb.

Terefsiz.az xəbər verir ki, məsələ haqda “Yeni Sabah”a açıqlama verən Ə. Əliyev deyib ki, bu barədə Bakı Dövlət Universitetindən də maraqlanıb:

“Mənə dedilər ki, 15 dissertasiyanın özü elə oradan qayıdıb. Mənim özümə də maraqlıdır, amma tapa bilmədim. Ona görə də paylaşdım ki, bəlkə doğrudan da belə şey var? Bunu bəlkə də Ali Attestasiya Komissiyası məlumat verib, bilmirəm. Əgər belə bir şey varsa, bu, faciədir”.

Müsahibimiz iddia edib ki, əgər belə bir şey varsa, həmin şəxslər həbs olunmalıdır:

“Mən bir misal çəkəcəyəm: bir dənə xarab tankımızı buraxırıq, sonradan o tankı gətirib zavoda qaytarırsan ki, yaxşı işləmir, bunu təmir et. Amma bir dənə yararsız mütəxəssis həndəsi silsilə kimi balalayır və 5 ilin içində bütün Azərbaycanı götürür”.

O, imtahanlardan uzaqlaşdırılmasına da etiraz edib:

“Mənim günahım nədir ki, nə imtahan götürə bilirəm, nə rəy yaza bilirəm, nə də iclasa çağırılıram. Deyirlər ki, telefonun xarabdır, hansı ki, dünyanın 5-6 ölkəsi ilə əlaqə saxlayıram. Deməyim odur ki, orada oturanda 1, yaxud 2 sual verə bilərəm. Aparın o adamları aparın yoxlayın görün, nə olur. Biz mütəxəssis adıyla millətin taleyini onlara tapşırırıq. Görün, onlar öz ixtisaslarına dair nə isə biləcək? Nə oldu, orta məktəb müəllimləri, həkim, məmur, rüşvətxor yoxlanır, amma alim üçün ayrıca komissiya ilə imtahan götürürlər. O imtahan götürənlərin özləri belə orada 3 ala bilməz!”

“Mən ekologiyadan müdafiə edib dosentlik almışam. Sual verirəm, mən niyə imtahan götürməməliyəm? Yenə deyirəm, imtahan götürmək istəmirəm və bunu məcazi deyirəm. Deməyim odur ki, indi hansı tinə gedirsən, elmimiz, təhsilimizin faciəsindən danışırlar. Eşitmisiniz ki, bir dəfə də tərifləsinlər? Niyə yazmırlar bunlardan?”, – əlavə edib.

“Bizim başımız qarışıb Vasif Talıbova, 12 dəfə ərə gedən arvada, nə bilim, nələrə-nələrə… Bir nəfər də soruşmur ki, bunlar nədir?! Hələ mən görməmişəm ki, bir nəfər soruşsun, elm-təhsil nə gündədir?! Elmsiz və təhsilsiz millətin varlığı yoxdur! İşğaldakı torpaqları əjdaha oğlanlar aldı. Təhsilsiz olsaydıq, biz bu torpaqları ala bilərdik?! Tarix boyu qələm əhli ölkələrdə mitinqləri, reformları həyata keçirirdi. Bizim də ziyalılarımız oturub yalandan səs verir ki, buna səs verək, onu alim edək. Olmaz belə!”.

Rafi MÜSLÜMOV