Sabah Beynəlxalq Qadınlar Günüdür. 8 martda insanlar ətrafındakı xanımlara hədiyyələr alır, xoş sözlər arzulayır.
“Terefsiz.az” xəbər verir ki ,hər il 8 mart tarixində qeyd olunan bu bayram qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə qadınlara qarşı nəzakət, sevgi və məhəbbətin tərənnümünü özündə ehtiva edir. Dünyanın bir çox ölkələrində 8 mart iş günü hesab edilmir. İlk dəfə 1977-ci ildə BMT 8 martı rəsmi olaraq Beynəlxalq Qadınlar Günü kimi qəbul edib.
Ümumiyyətlə, qadınların bu bayramın yaranmasına dair birinci addımı 1857-ci ilə qədər gedib çıxır. Belə ki, həmin ildə Amerikada qadınlar uzun saatlar işləməyinə baxmayaraq maaşın aşağı olmasına, ayrıseçkiliyə, qənaətbəxş olmayan iş şəraitinə etiraz etməyə başlayıb. 1908-ci ildə isə Nyu-Yorkda 15000 qadın, daha qısa çalışma saatı, daha yaxşı gəlir və səsvermə hüququ üçün nümayiş təşkil edib. Elə o mitinqdə qadınlar ilk dəfə hamiləlik dövründə işdən azad edilmə hüququ uğrunda savaşıblar.
Əslində, 8 martdan öncə 28 fevral qadınlar bayramı olaraq təyin edilib. Lakin 1910-cu ildə Klara Setkin adlı alman sosialist qadın bu hadisəni 1857-ci ilin 8 martında keçirilən mitinqlə əlaqələndirərək Beynəlxalq Qadınlar Gününün məhz bu gündə olmasını təklif edib. Bunun səbəbi odur ki, sözügedən tarixdə 129 qadın yandırılaraq öldürülüb və K. Setkin həmin qadınların şərəfinə 8 martın özəl olmasını istəyib. Klaranın təklifi qəbul edilib. Həmin dövrdən bu günə kimi 8 mart Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir.
Bundan əlavə, 1975-ci il dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Çünki 1975-ci il Beynəlxalq Qadınlar İli olaraq tarixə düşüb.
Qeyd edək ki, 8 Mart bütün dünyada qəbul edildikdən sonra qadınların rifahı, təhsili, yaşam statuslarının yaxşılaşdırılması uğrunda müxtəlif layihələr başladılıb.
“Terefsiz.az” saytı olaraq 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə,bütün qadınları təbrik edirik,daima öz hüquqlarınızı bilin,qoruyun və cəmiyyətdə qadınların da kişilər qədər söz haqqı olduğunu unutmayın əziz xanımlar,bayramınız mübarək!İçinizdən sevgi,üzünüzdən gülüş əksik olmasın.