8 yaşlı intihar edən uşağın istifadə etdiyi telefondan psixoloji fəsadlar törədəcək qorxulu nüanslar çıxıb. Birinin adını gördüm. 2014-cü il istehsalı, Annabelle adlı film. Fondakı kuklanın rəsminə baxmaq belə kifayət edər.
Cümlənin əvvəlindəki “8 yaşlı uşağın intihar etməsi” sözlərini tələffüz edəndə belə insan dəhşətə gəlir.
Hansı zamana, hansı dünyaya gəlmişik biz?
Ciddi araşdırılmalıdır ki, əgər həqiqətən 8 yaşlı uşaq özünü öldürübsə bunun səbəbləri nələrdir?
Bu sıradan bir şey deyil.
Bildirildiyinə görə hüquq-mühafizə orqanları aşkar edib ki, həmin uşağın telefonunda qorxulu filmlər, hekayələr, psixologiyaya ciddi zərər və əks təsir edəcək nüanslar varmış.
Uşaqların o saf hissləri hansısa qorxulu filmlərə alət olur. Bu kuklanın gətirildiyi hala baxın?!
Uşaqlar kukla ilə ev düzəldər, uşaqlıq xəyalları qurar, ailəvi dəyərləri hiss edər, oyun oynar, paltar geyindirər, saçını darar. Bu kukladan psixologiyası zəif olan böyüklər qorxar, uşaqlar nə etsin?
Deyilənə görə həmin uşağa da ciddi təsir edibmiş. Hətta müəyyən yazılar varmış ki, gecə gələcəm yanına zad. Dəhşətdir.
Bu filmi çəkənlər heç mi düşünmür ki, bu hansısa uşağın əlinə keçər?
Dünya onsuzda etinasız, avvam və məzuliyyətsiz valideynlərlə doludur. Ailədaxili problemlər və bunlardan yaranan boşluqlardan əziyyət çəkən uşaqlar da çoxdur. Amma bütün bunlardan başqa belə filmlərin ictimai sferaya buraxılmasına, yayılmasına da nəzarət olmalıdır.
Üzərinə 14+, 16+, 18+ yazmaqla da deyil. Balaca uşaq da formal proseduru bilir və Ok verir keçir. Kinoteatrlardan daha çox smartfonlarda, tabletlərdə, komputerlərdə baxılır indi filmlərə.
Hansısa kapitalist film təşkilatı pul qazanacaq deyə, buna da hansısa qeyri-adi maraqları, müxtəlif IQ parametrləri olan insanlar baxacaq deyə uşaqların psixologiyası, həyatı zərər görür.
Senzura adı gələn kimi demokratiyadan danışır əksəriyyət. Amma belə baxırsan ki, dünyada elə müəyyən senzuralar cəmiyyəti nə qədər zərərlərdən qoruyurmuş.
Bu tərz zərərli filmləri çəkənlərlə, reklam edənlərlə yanaşı valideynlər də günahkardır.
Uşaqlara nəzarət edin. Özbaşına telefon verməyin. Boş buraxmayın. İnternet sistemlərinin də reklama işləyən alqoritmləri var. Bu kimi şeylərə bir dəfə təsadüfən baxılsa belə ancaq bunları reklam edən platformalar qarşıya çıxacaqdır. Nəticə olaraq isə uşaqlara fəsadlar törədəcəkdir.
Ramil Həsənov