ADB ilə Azərbaycan arasında tərəfdaşlığın 20 illiyi qeyd olunacaq.

0
209

Terefsiz.az saytı xəbər verir ki, cari ilin dördüncü rübündən etibarən Asiya İnkişaf Bankı (ADB) Azərbaycanla tərəfdaşlıq əlaqələrinin 20 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirəcək.

Bu barədə “Report”a ADB-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov bildirib.

O, ADB-nin biliklərin idarəçiliyi üzrə vitse-prezidenti Banbanq Susantononun noyabr ayında Azərbaycana səfərilə bağlı hazırlıq işləri görüldüyünü qeyd edib.

Səfər çərçivəsində ölkə iqtisadiyyatının başlıca inkişaf cəhətlərinə əsas diqqət yetiriləcək tədqiqatın təqdimatı, ADA Universitetində yüksək texnologiyaların və innovasiyalı həllərin tətbiqi barədə mühazirə kimi tədbirlər nəzərdə tutulur.

Həmçinin, yubiley tədbirləri sırasında Azərbaycan iqtisadiyyatında ADB-nin yeri və roluna dair gənclər arasında müzakirələr keçiriləcək. Oktyabrın 1-də ADB saytında Azərbaycanla ötən 20 il ərzindəki əməkdaşlığın başlıca mərhələlərinə həsr olunan məcmuə yerləşdiriləcək.

“Azərbaycanla 20 illik tərəfdaşlıq dövründə nailiyyətlərimiz çox olub. İşlədiyimiz bütün sahələrdə əməkdaşlığın səviyyəsindən razıyıq. Bu sahələr su təchizatı və kanalizasiya xidmətləri, enerji, elektrik təchizatı, o cümlədən magistral xətlər və paylayıcı şəbəkələr, avtomobil və dəmir yolu nəqliyyatı, maliyyə sektorunun inkişafı, o cümlədən həm dövlət maliyyəsinin idarəçiliyi, həm də özəl maliyyənin inkişafıdır”, – deyən AİB nümayəndəsi iki ay bundan əvvəl 2023-cü ilədək dövr üçün yeni tərəfdaşlıq strategiyasının təsdiqləndiyini də xatırladıb.

Qeyd edək ki, 22 dekabr 1999-cu ildən üzvlüyə qəbul olunmuş Azərbaycan ötən dövrdə 80-dən artıq layihəyə kredit, zəmanət, texniki dəstək qrantları qismində ADB tərəfindən 5 milyard dollara yaxın vəsait alıb.

 

Terefsiz.az