“Qarabağ” – “Neftçi”: Diqqətlər Geryeyə

0
207

Premyer Liqasnın 4-cü turunda “Qarabağ”la “Neftçi” arasında oynanılacaq Azərbaycan derbisinə bir gün qalır.

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20.30-da başlanacaq bu oyunu hər iki komandanın azarkeşlərinin səbirsizliklə gözlədiyini desək, yanılmarıq. Xüsusən qeyd edilməlidir ki, onsuz da əvvəllər də bu komandalar arasında güclü olan intiriqa 2018/19 mövsümündən sonra daha da böyüməyə başladı. Bu da təsadüfi deyil. Çünki mövsümün gedişatında “Neftçi” “Qarabağ”dan uzun müddət xal fərqi ilə irəlidə olsa da, sonradan bəzi vacib matçlarda xal itirdi.

Nəticədə isə “Qarabağ” əzəli rəqibini qabaqlayaraq birinci yeri tutdu. Bundan başqa, Ağdam klubunun  çempionluq kubokunu son turda qarşılaşdığı “Neftçi”nin meydançasında qaldırması, eləcə də həmin matçda onu udması isə komandalar arasındakı idman mübarizəsini daha da artırmış oldu.Bütün bunlar sabahkı matça diqqəti daha da artıran faktlar sırasındadır.

Amma bir məqamı da ayrıca vurğulamalıyıq. Söhbət “Neftçi”nin yeni transferi Donald Geryedən gedir. Məlumdur ki, Haiti millisinin oyunçusu 2017-ci ilin yayından başlayaraq 2 il “Qarabağ”da oynadı. Bu müddətdə o, uğurlu oyunu ilə komandasının qələbələrində pay sahibi olmaqla yanaşı azarkeşlərin sevimli futbolçularından birinə çevrilməyi də bacardı.

Bu günlərdə isə Gerye gözlənilməz addım ataraq “Neftçi”yə keçdi ki, bu da “Qarabağ” fanatlarının narazılığına səbəb oldu. Bu transferin özü də qəribə alındı. Məsələ burasındadır ki, o, Ağdam klubundan maaşının artırılması şərti ilə yeni müqavilə təklifi almış (qeyri-rəsmi xəbərə görə, ilinə 500 min dolllara yaxın) və komandada qalmağa razılaşmışdı. Lakin iddia edilir ki, həmin ərəfədə Geryeyə xarici klublardan da təklif olub. O, həmin klublardan birinə keçmək istəsə də, yekunda razılığa gələ bilməyib. Haitili futbolçunun “Qarabağ”a qayıdacağını vəd edib, sonradan sözünün üstə durmaması kimi qeyri-ciddi davranışı isə yekunda Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun ondan imtina etməsinə gətirib çıxardı.

Gerye ilə “Neftçi” nümayəndələri arasında danışıqlar da məhz bundan sonra aktivləşməyə başladı. Bu da onunla əlaqədar idi ki, digər əcnəbi klublardan da çox pul istəməsinə görə haitili futbolçunu real müştərilərinin sayı sürətlə azalmışdı. Bu yerdə isə “Neftçi” Geryenin qiymətini xeyli aşağı salmağı bacardı. Deyilənə görə, çarəsiz durumda qalan 30 yaşlı futbolçu “ağ-qaralar”ın illik 200 min dollarlıq təklifinə razı oldu.

Beləliklə, iki il “Qarabağ”da oynamış Gerye indi Ağdam klubunun əzəli rəqibi “Neftçi”nin futbolçusudur. O, yeni komandasında debüt matçını da məhz sabiq klubuna qarşı keçirə bilər. Təbii ki, baş məşqçi Roberto Bordinin ona şans verəcəyi halda…

Mənbə: qol.az

Terefsiz.az