Alimlər paket çayların təhlükəsindən danışdılar

0
3964

Kanadanın Makqilla Universitetinin tədqiqatçıları çay paketinin suya salındığı vaxtda  milyardlarla mikro və nanoplastika hissəciklərinin ona qarışdığını müəyyənləşdiriblər. Elmi işin nəticələri “Environmental Science & Technology” saytında dərc olunub.

Qeyd olunur ki, bir çay paketindən əldə olunan çayda təxminən 11.6 milyard mikropartikül və 3,1 milyard nanohissəcik olur. Mütəxəssislər bildirir ki, bu, digər növ ərzaq və içkilər, o cümlədən plastik şüşələrdə olan su miqdarını xeyli üstələyir.

Təcrübə zamanı dörd müxtəlif növ meyvə çayının bir neçə paketi istifadə olunub. Paketlərin içərisindən çaylar çıxarılıb və onlar 95C dərəcə suda 5 dəqiqə saxlanılıb. Daha sonra tədqiqatçılar suyu süzərək istifadə olunan paketləri elektron mikroskop altında araşdırıblar.

Nəticədə, sudakı nanohissəciklərin dəmləmədən sonra meydana gəldiyi müşahidə olunub.

Tədqiqatçılar bunun ardından əldə edilmiş nanohissəcikləri xərçəngkimilərin yaşadığı mühitə daxil ediblər. Müşahidələrə görə, suda olan plastik hissəciklərin konsentrasiyasının artması xərçəngkimilərin inkişafının ləngiməsinə səbəb olub. Amma hələ ki mütəxəssislər bu hissəciklərin insan sağlamlığına necə təsir göstərdiyini anlamaqda çətinlik çəkirlər.

istinad:oxu.az