“Türk əsgəri ilə çiyin-çiyinə döyüşmək istəyirik” – Azərbaycan könüllüləri

0
182

“Azərbaycan da terrordan əziyyət çəkən ölkədir. Biz Türkiyənin terrorla mübarizəsini həm də buna görə dəstəkləyirik və haqq işi sayırıq”.

Bu sözləri Terefsiz.az -a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Emin Həsənli bildirib ki, Türkiyə ordusunun Suriya ərazisində da keçirdiyi antiterror əməliyyatını Azərbaycan cəmiyyəti də maraq və həyəcanla izləyir:

“Hətta Türk Ordusunun sıralarında döyüşmək üçün müraciət edənlər də var. Artıq 1000 nəfərdən artıq Azərbaycan vətəndaşı könüllü olaraq müraciət edib. Azərbaycan qaziləri , ehtiyatda olan zabitlər, şəhid ailələri, gənclərimiz, QHT-lər, sadə vətəndaşlar bu prosesi dəstəkləyir. Müzəffər Türk ordusuna qısa zamanda qələbə qazanmasını arzulayırıq. Azərbaycan qaziləri, ehtiyatda olan zabitlər və gənclərimiz Türk ordusunun tərkibində, türk əsgəri ilə çiyin-çiyinə döyüşmək istəklərini bildirirlər”.

E.Həsənli deyib ki, Türkiyənin apardığı bu əməliyyat həm qardaş ölkənin öz təhlükəsizliyi, həm də Suriyanın bütövlüyü, əmin-amanlığı, suriyalı qaçqınların yenidən öz yurd-yuvalarına qayıtması baxımından çox əhəmiyyətlidir.

“Biz hər zaman qardaş Türkiyənin və onun ordusunun yanındayıq. Biz bilirik ki, Azərbaycanın işğal olunmuş torpaqlarının azadlığı uğrunda gözlənilən haqq savaşında qardaşlarımız da bizimlə çiyin-çiyinə olacaqlar.

Allah şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Qazilərimizə uzun ömür, can sağlığı, böyük qələbələr arzulayıram. Tanrı Türk ordusunu qaliblərdən etsin” – deyə, Emin Həsənli bildirib.