Bakıda Türkiyənin milli bayramı qeyd olunub.

0
194

Türkiyənin Azərbaycandakı səfirliyi cümhuriyyətin elan edilməsinin 96-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

Terefsiz.az saytı “Report”a istinadən xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin səfirləri, ictimaiyyətin nümayəndələri və digər qonaqlar iştirak ediblər. 

Mərasim hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub. Məktubda qeyd olunub ki, Türkiyə xalqı bir millət və dövlət olaraq son dövrlərdə əhəmiyyətli anlar yaşayır:

“Qarşıdakı ildə Türkiyə Böyük Millət Məclisinin yaradılmasının 100-cü ildönümünü qeyd edəcəyik. Biz dövlət və millət olaraq son illər yenə də bir istiqlal savaşı verməkdəyik. Hazırda Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” əməliyyatı da bu mübarizəmizin bir hissəsidir. Türkiyə Cümhuriyyəti terrorla uğurla mübarizə aparır. Türkiyə bu məsuliyyətli işin öhdəsindən gələcək potensiala malikdir. Ölkə 2023-cü ildə hədəfinə çatacaq və bununla da gələcək nəsillərə daha güclü Türkiyə miras qoyacaq”.

Milli Məclisin Sədri Oqtay Əsədov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə xalqına səmimi təbriklərini çatdırıb. Spiker vurğulayıb ki, Azərbaycan xalqının ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə xalqı və dövləti həmişə Azərbaycanın yanında olub:

“Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi Türkiyənin Dağlıq Qarabağ barədə siyasəti açıq və aydındır. Türkiyə prezidenti bildirib ki, Türkiyə Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü əsasında, sülh yolu ilə həllini dəstəkləyir və bundan sonra da dəstəkləyəcək. Bu dəstəyə görə bir daha Türkiyə xalqına öz dərin minnətdarlığımı bildirirəm. Xalqlarımızın birliyi və bərabərliyi əsrlərin sınağından çıxıb və bugünkü səviyyəyə çatıb. Əminəm ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri Türkiyə-Azərbaycan əlaqələrini daha da inkişaf etdirəcək. Bayramınızı təbrik edirəm. Yaşasın Azərbaycan-Türkiyə dostluq və qardaşlığı!”.

Terefsiz.az