Nazir: “Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa kəmərləri Gürcüstan üçün strateji əhəmiyyətə malikdir”.

0
239

“Anaklia layihəsi Bakı-Tbilisi-Ceyhan (BTC) və Bakı-Supsa neft kəmərləri kimi Gürcüstan üçün strateji əhəmiyyətə malikdir”.

Terefsiz.az saytı xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava yerli Birinci kanalın efirində yayımlanan “Sərbəst baxış” proqramında bildirib.

Nazir qeyd edib ki, hər iki boru kəməri Gürcüstanın təhlükəsizliyinə töhvə verən əsas amillərdən olub:

“Gürcüstan ərazisində həyata keçiriləcək istənilən iri regional layihə ölkənin təhlükəsizliyi və sabitliyini möhkəmləndirəcək. Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərləri Gürcüstanın ərazisindən keçib, lakin layihələr ölkəyə məxsus deyil. Bu layihələr regional əhəmiyyətə malikdir və dəhlizin bütün ölkələri onların təhlükəsizliyində maraqlıdır. Anaklia layihəsi ilə də bağlı vəziyyət eynidir”.

N.Turnava deyib ki, bu yaxınlarda keçirilən beynəlxalq Tbilisi İpək Yolu Forumunda bir çox ölkə nümayəndələri Gürcüstanda dərin dəniz limanının tezliklə inşa edilməsində maraqlı olduqlarını bildiriblər:

“Layihə yalnız bizim deyil, digər ölkələrin də maraqlarına cavab verir. Buna görə də belə iri miqyaslı regional layihə həyata keçiriləndə ölkə üçün strateji əhəmiyyət kəsb edir. Belə ki, bu cür layihələr ölkənin strateji cəlbediciliyini artırır, təhlükəsizlik və müstəqilliyini gücləndirir”.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 milyon bareldir. Hazırda BTC kəməri, əsasən, Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) Xəzərdəki neft yataqlarından xam nefti Qara dəniz sahilinə nəql edir və xam neft orada tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarlarına yola salınır.

İllik ötürücülük qabiliyyəti 7 milyon ton olan bu kəmər Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq Azərbaycandan və Gürcüstandan keçməklə Qara dənizin Gürcüstan sahilindəki Supsa terminalına qədər uzanır. Bu boru kəmərinin uzunluğu 829 kilometrdir.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) boru kəmərinin sahibidir və Azəri-Çıraq-Dərinsulu Günəşlı (AÇG) Hasilatın Pay Bölgüsü Sazişinin tərəfdaşları adından onu istismar edir.

Kəmərin tikintisi Azərbaycan ilə Gürcüstan arasında 1996-cı ilin aprel ayında bağlanmış Hökumətlərarası Sazişin ratifikasiyasından sonra başlanıb və 1998-ci ilin noyabr ayında başa çatıb. Kəmər 1999-cu ilin fevralından istismardadır, Supsa terminalının açılışı isə həmin ilin 17 aprel tarixində həyata keçirilib.

İstinad: report.az

Terefsiz.az