Məhkəmə, qəfəsə salınmış teatrlar, azad olmayan incəsənət…

0
328

Oktyabrın 30-unda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində ADO teatrının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı qaldırdığı məhkəmə iddiasının hazırlıq iclası keçirilib. Prosesə hakim Şəhla Süleymanova sədrlik edib.

Terefsiz.az xəbər verir ki, məhkəməyə başında qəfəslə gələn teatr rəhbəri bunu ölkə incəsənətinə azadlığın verilməməsinə simvolik işarə kimi qiymətləndirib: “Hazırlıq iclasına qarşı tərəf qatılmadığı üçün hakim Mədəniyyət Nazirliyinə işin halı və qətnamə göndərəcəyini bildirdi. Nazirlik məhkəməyə rəsmi cavab təqdim etdikdən sonra növbəti baxış prosesinin vaxtı bəlli olacaq. Bu barədə ətraflı məlumat yayacağıq”.

Qeyd edək ki, ilk müstəqil teatr olan ADO ( Azərbaycan Dağınıq Oda teatrı) 2 ildən çoxdur ki, küçə performansları nümayiş etdirmək üçün Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciətlər edir. Lakin hər iki qurum bunun onların səlahiyyətinə aid olmadığını vurğulayır, nazirlik bu məsələyə meriyanın, meriya isə bu məsələyə nazirliyin baxdığını bildirir. Teatr bununla bağlı Mədəniyyət Nazirliyini məhkəməyə verib. Nazirlik teatrın küçə tamaşalarına razılıq vermədiyini bildirir, teatrın son rəsmi müraciətinə isə qanunvericilikdə nəzərdə tutulmuş müddəti keçməsinə baxmayaraq heç bir cavab verməmişdir. Nazirliyin teatr şöbəsinin əməkdaşı Könül Cəfərova isə telefon vasitəsilə teatra bildirib ki, onlar ADO`nun küçə performansları nümayiş etdirməsinə qarşıdırlar.

Həmçinin ADO teatrının küçə tamaşalarına Mədəniyyət Nazirliyi tərəfindən əngəllərin törədilməsinə etiraz olaraq vətəndaşlar bir müddət öncə imzatoplama kampaniyasına start verib. 1600-dən çox vətəndaş beynəlxalq imzatoplama saytı olan “Change.Org” saytı vasitəsilə bir araya gəlib. Teatr həmin imzaları rəsmi məktubla nazirliyə göndərib və nazirin vətəndaşların, eyni zamanda teatrın mövqeyinə cavab verməsini istəyib. Nazirlik isə vətəndaşların çağırışına hələ ki, reaksiya verməyib.

foto:Sadıq Əliverdibəyli

istinad:ado.az