Terefsiz.az saytı xəbər verir ki, gecə saatlarında Bakının Xətai rayonu, Neapol küçəsi 16 ünvanında yerləşən 18 mərtəbəli binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bunu FHN-in Dövlət Yanğından Mühafizə Qərargahının rəisi Əkbər Novruzov APA-ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, ikibloklu binanın mansardasında baş vermiş yanğının sahəsi 180-200 kv/m sahəni əhatə edib:
“18-ci mərtəbədə yerləşən 6 mənzildən dördünün mansardası 20 kv/m, 2 mənzilin isə həm mansardası, həm də daxilindəki yanar konstruksiyaları 60 kv/m sahədə yanıb. Eyni zamanda, binanın 1-ci mərtəbəsindən 6-cı mərtəbəsinə qədər elektrik şaxtasında kabellər 60 p.m. sahədə yanıb. Yanğın tam söndürülüb. Yanğının söndürülməsinə 2-ci dərəcəli çağırış elan olunub, 15 yanğınsöndürən maşın və 60-dan çox şəxsi heyət cəlb olunub. Elektrik şaxtasında elektrik xətlərinin yüklənməsi nəticəsində yanğının baş verdiyi ehtimal olunur. Nəticədə yanğın mansardaya yayılıb. Xəsarət alan olmayıb”.
Terefsiz.az