Milli Məclisə növbədənkənar seçkilərin – TƏQVİM PLANI

0
141

Dekabrın 7-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclasında “Azərbaycan Respublikasında 2020-ci ilin fevralın 9-da növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” ilə əlaqədar müzakirələr aparılıb.

Terefsiz.az AZƏRTAC-a istinadən xəbər verir ki, MSK-nın katibi Arifə Muxtarova gündəlikdəki məsələ ilə bağlı çıxışında növbədənkənar parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dekabrın 21-dən başlayaraq yanvarın 10-u saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməli olduğunu bildirib. Bu barədə məsələ “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.

Seçkiqabağı təşviqatın aparılmasına isə yanvarın 17-də başlanacaq və təşviqat 8 fevral saat 08:00-da dayandırılacaq. Azərbaycanda parlament seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatlar akkreditasiya üçün sənədlərini yanvarın 20-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər. Yanvarın 30-dək isə onların qeydiyyata alınması başa çatmalıdır.

İclasda vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupu yaradılması məsələsinə baxılıb. Məsələ müzakirə olunduqdan sonra səsə qoyularaq təsdiq edilib.

Daha sonra isə imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupunun yaradılması və tərkibinin müəyyən edilməsi məsələsi müzakirə olunub. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

İclasda, həmçinin MSK-nın bəzi normativ xarakterli aktlarına dair müzakirələr aparılıb.

istinad:oxu.az