Milli Məclisin deputatı Yevda Abramovla vida mərasimi başa çatıb.

0
218

 

Uzun sürən xəstəlikdən sonra dünyasının dəyişən Milli Məclisin deputatı Yevda Abramovla vida mərasimi başa çatıb.

Terefsiz.az  APA-ya istinadən xəbər verir ki, vida mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Y. Abramovun ailəsinə başsağlığı məktubu oxunub.

Birinci vitse-prezident Mehriban Əliyeva bildirib ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Yevda Abramovun vəfatı xəbərini kədər hissi ilə qarşılayıb: “Yevda Abramov uzun illərdən bəri yüksək peşəkarlığı, davamlı və səmərəli fəaliyyəti ilə cəmiyyətdə böyük nüfuz qazanıb. Azərbaycan Respublikasının “Şöhrət” ordeni təltif edilməsi onun ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakının dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsindən xəbər verir. Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”.

         Vida mərasimində  Baş Nazirin müavini Əli Əhmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, millət vəkili Vahid Əhmədov, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxış ediblər. Vida mərasimində mərhumun ailə üzvləri, yaxınları, Milli Məclisin üzvləri, hökumət təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

       Qeyd edək ki, milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. O, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olub. Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini idi.

Allah rəhmət eləsin!

Terefsiz.az

 

 

Foto: APA