İsveç Mərkəzi Bankı uçot dərəcəsini artırıb

0
148

İsveç Mərkəzi Bankı (MB) təməl faiz dərəcəsini -0,25-dən 0-dək yüksəldib.

Terefsiz.az “Kommersant”a istinadən xəbər verir ki, bununla da İsveç son illərdə tətbiq olunan mənfi faiz dərəcələrindən imtina edən ilk ölkə olub.

Hazırda bu cür faiz dərəcələri Danimarka, İsveçrə, Macarıstan, habelə Yaponiya kimi ölkələrdə tətbiq olunur.

Belə bir addımı əsaslandıran bank bildirib: “İsveç iqtisadiyyatı daha ləng artım mərhələsinə daxil olub. Lakin bu ləngimə bir neçə il davam etmiş daha yüksək artımdan, əmək bazarında müsbət inkişafdan sonra ortaya çıxıb. Bütövlükdə bu proses İsveç iqtisadiyyatının normadan çox artımdan norma daxilindəki artıma döndüyünü göstərir”.

Qeyd edək ki, 2016-ci ildə qiymət artımını sürətləndirərək çoxdandır durğunlaşan iqtisadiyyatı dirçəltmək məqsədilə İsveç Mərkəzi Bankı faiz dərəcəsini -0,5 faizədək azaltmış, nəticədə kronun məzənnəsi azalmaqla ixraca yönələn iqtisadiyyatda canlanma baş vermişdi.

Hazırda isə iqtisadiyyat normaya düşdüyünə görə MB mənfi dərəcələr siyasətindən əl çəkmək qərarına gəlib.

istinad:oxu.az