“Qanuni ticarətlə məşğul olan sahibkarlar gömrük orqanlarına gəlmədən və heç bir gömrük məmuru ilə təmasa girmədən bütün əməliyyatlarını elektron şəkildə idarə edir və rəsmiləşdirməni başa çatdırırlar. Cənab Prezident, elektron xidmətlərlə bağlı qeyd etmək istəyirəm ki, sahibkarlarımıza 4 milyondan artıq elektron xidmət göstərilib və bunun sayına və həcminə görə komitənin xidmətləri ilk yerlərdə dayanır”.
Terefsiz.az saytı xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə deyib.
Onun sözlərinə görə, qaçaqmalçılıqla mübarizə sahəsində aparılan işlər 2019-cu ildə də böyük nəticələrin əldə edilməsinə səbəb olub.
“Qaçaqmalçılıqla bağlı gömrük hüquqpozmalarına qarşı mübarizə genişləndirilib və 13 min 443 hüquqpozma faktı aşkar edilib. Onlardan 866-sı cinayət xarakterli faktlar olub ki, bunun da əksəriyyətini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar təşkil edib. Xüsusilə də tərəfimizdən 2 tondan çox narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb. 2019-cu ildə qaçaqmalçılıq yolu ilə gətirilərkən tutulan malların ümumi dəyəri 300 milyon dollardan artıq olub”.
Terefsiz.az