Azərbaycanın tanınmış uşaq yazıçısının əsəri Türkiyədə keçirilən İlesam-Akçağ uşaq ədəbiyyatı roman, hekayə və nağıl – 2018 müsabiqəsinin qalibi oldu…

0
778

Terefsiz.az saytı xəbər verir ki, Sevinc Nuruqızının birincilik qazanan “Melissa” əsəri “Akçağ” kitab evi tərəfindən kitab şəklində nəşr olunacaq.
İlesam-Akçağ 9. İlesam-Akçağ uşaq ədəbiyyatı roman, hekayə və nağıl – 2018 müsabiqəsinin yekunları 15 aprel 2019-cu il tarixində İLESAM-ın genel başkanı Mehmet Nuri Parmaksız tərəfindən İLESAM baş ofisində açıqlanıb.

Müsabiqənin roman nominasiyasında birinci yeri Azərbaycandan olan uşaq yazıçısı Sevinc Nuruqızının “Melissa” (İmdat Avşarın tərcüməsində) əsəri qazanıb.

Yarışmada birincilik qazanan əsərlər “Akçağ” kitab evi tərəfindən kitab şəklində nəşr olunacaq.

Qaliblərin mükafatı may ayı içində düzənlənəcək tədbirdə sahiblərinə təqdim ediləcək.

Yazarımızı təbrik edir və onun haqqında qısa məlumatı çatdırırıq.
Sevinc Nuruqızı (İmanova Sevinc Nuru qızı) – şair, nasir, publisist, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. 1986-cı ildə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunu fərqlənmə diplomu ilə bitirib, rus dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətə başlayıb. 2003-cü ilin mart ayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Mədəniyyət” qəzetində baş redaktorun müavini vəzifəsində çalışıb. “Cırtdan” və ”Ümid” uşaq jurnallarının yaradıcı heyətinin direktoru (2006), İctimai Padionun efirində həftənin altı günü canlı yayımlanan “Çoxbilmiş” adlı uşaq verilişinin redaktoru və aparıcısı olub. Hazırda “Təhsil” nəşriyyat poliqrafiya müəssisəsində uşaq ədəbiyyatı şöbəsinin müdiridir. “Göy qurşağı” uşaq jurnalının redaktorudur.

Azərbaycan Yazıçılar Birliyinin ən yaxşı uşaq əsərinə görə 2002-ci il Tofiq Mahmud adına mükafatının laureatıdır. 2015-ci il Türkiyənin Azərbaycandakı Səfirliyinin AYB ilə birgə elan etdiyi “Çanaqqala – 100” müsabiqəsində şeir nominasiyası üzrə “Çanaqqala keçilməz” adlı poemasına görə birinci yerə layiq görülüb. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” ədəbi müsabiqəsinin 2015-ci il üçün “Qədim Bakıya səyahət” kitabına görə nominantı olub. “Qədim Bakıya səyahət” kitabı” 2015-ci ildə Moskvada keçirilən Beynəlxalq kitab sənəti müsabiqəsində birinci yerə layiq görülüb. “Ədəbi azadlıq – 2015″ hekayə müsabiqəsində “Edam” hekayəsi ilə 2-ci yerin sahibi olub. 2015-ci il Azərbaycan Təhsil Nazirliyinin “Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm, dram əsərləri” müsabiqəsində nəsr və dram nominasiyaları üzrə birinci yerləri qazanıb. 2017-ci il Azərbaycan – Avropa Təşkilatının (TEAS ) Böyük Britaniyadakı təmsilçiliyinin KHOJALY LİTERARU PRİZE müsabiqəsində “Xocalıya” poeması ilə müvəffəqiyyət qazanıb.

Uşaqlar üçün nəzərdə tutulmuş çoxsaylı kitabların – “Çərpələng”, “Sarı qız, Dız və Vız” , “Ağ xoruzun hekayəti”, “ Qisas” , “Ciya ilə iki gün” , “İpəkcənin macəraları”, “Qəribə kəndin nağılı” (Azərbaycan və rus dillərində.), “Paltar dolabında gizlənqaç” (Azərbaycan və rus dillərində), “Bozqulaq və fəsillər” (Azərbaycan, rus və belarus dillərində), ”Muradın yuxusu“, “Tap tapmaca”, “Ağca və Cuppulu” ( Azərbaycan, rus və ingilis dillərində), “Aysu və ay”( Azərbaycan, rus və ingilis dillərində), “Xortumlu dağ”, “Bapbalaca əlifba”, “Şah İsmayıl Xətai”, “Babək”, “Ağabəyim Ağa” və s. müəllifidir.

Bəstəkar Oqtay Rəcəbovun “Sərçənin sərgüzəştləri” və “Bahar qız əfsanəsi” operalarının libretto müəllifidir.

Terefsiz.az