“Qarabağ” heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.
Terefsiz.az İspaniyanın Eldiadecordoba.es saytına istinadən xəbər verir ki, “Qarabağ” La Liqa klubuna məxsus olan “Leqanes”in qanalı futbolçusu Ovusu Kvabena ilə anlaşıb.
İcarə əsasında II divizion klubu “Kordoba”da çıxış edən 22 yaşlı forvard sonuncu dəfə dünən “Vilyarubia” ilə 1:1 başa çatan görüşdə oynayıb.
Ölkəsində “Akkra” klubunun yetirməsi olan qanalı forvard legioner kimi ancaq İspaniyada çalışıb. 2016/2017 mövsümündə “Toledo”da səkkiz qol vuraraq özünü göstərib. O, 2017-ci ilin avqustun 23-də “Leqanes”lə beş illik müqavilə bağlayıb.
Lakin o, bu klubla La Liqada oynaya bilməyib. Belə ki, müqavilə bağladıqdan səkkiz gün sonra “Ovyedo”, “Kartaxena” və “Salamanka” klublarına icarəyə verilib.
Ovusu cari mövsüm “Kordoba”da səkkiz qol vurub. Ötən il isə üç dəfə Qana millisində çıxış edib. O, Qana millisinin ötən yay keçirilmiş Afrika Millətlər Kubokundakı iştirak ərizəsində də yer alıb.
Qeyd edək ki, Ovusu Kvabena, əslində, mövsümün sonunadək “Kordoba”ya icarəyə verilsə də, futbolçu özü də yüksək liqada oynamaqda maraqlıdır. 2022-ci ilədək “Leqanes”lə müqaviləsi olan oyunçunun icarəyə verilməsi də mümkündür.
Onu da bildirək ki, “Qarabağ” yayda transfer etdiyi fransalı hücumçu Maqay Qüeyin çıxışından narazıdır. Seneqal əsilli futbolçu cari mövsüm Premyer Liqada dörd, avrokuboklarda üç qol vurub.
Səbuhi Musayev
istinad:oxu.az