” Bir cahil sevdim “
Qəbrimi qazdı…
Diri-diri girdim.
Sevdim,
Sevdim…
Mən bir cahili sevdim.
Əmək verdim,
Çörək verdim,
Cəlladıma.
Əl açdım mən Allahıma,
Ödədiyim bədəl niyə,
Onun günahına?
Tuş gəldim kimin ahına?
Cahil sevmək ölümdür.
Cahil sevmək zülmdür.
Süründüm, süründüm…
Ən son nə zaman sevindim?!
Gözləyirəm o günü,
Deyəcəyəm sevdim,
Öldüm, öldüm,
Amma…
Dirildim!
” Gül kimi “
Başıma düşüb,
Sevgim daş olub.
Sevdiyim adam
Gözümdəki yaş olub.
İçimdən süzülür
Damla – damla.
Xoşbəxt ola bilmədim
Mən bu adamla.
Solmuşam, bir gül kimi.
Sevirdim də gül kimi!
Olmadın yarım,
Oldun yaram.
Bu gün varam,
Qoymadın ki,
Sabah da olam.
Boynubükük olmuşam,
Sanki yetim qalmışam.
Atmışam!
Atmışam sevdiyim adamı.
Gedim indi yadamı?!
Əslində…
Bağlayacam yaramı,
Səni unudaram da,
Unutmaram yaramı!
” Sadəcə möhtəşəm! “
Parka nə üçün gedər insan?
Dincəlməyə, gəzməyə…
O qadın isə
ağı deməyə…
Susqun qışqırıqlarla,
Gözlərində yaşlarla
Üsyan etməyə
Bəxtsizliyinə..
Axtarıb, tapar
Qaranlıq bir köşə
Ağlamağın fəsli yox,
Baxmaz, yaya və qışa
O qadın isə
Ağlayar…
Hər fəslin səbəbi var
Ona ağlamaq üçün
Gətirdikləri səbəblər…
Parkda ağlayan qadın,
Sən ağlamaq üçün axtar
Qaranlıq bir köşə
Amma sataşar yenə
Yoldan keçən kişilər
Çünki sən…
Ağlayanda belə
O qədər möhtəşəm…
Sadəcə möhtəşəm!
Müəllif: Bənövşə Mahmudqızı
Terefsiz.az