Yanvarın 26-da Türkiyə Superliqasının XIX turu çərçivəsində keçirilən matçda “Beşiktaş” səfərdə “Göztəpə”nin qonağı olub.
TEREFSİZ.AZ saytı xəbər verir ki, oyuna fəal başlayan meydan sahibləri 25-ci dəqiqədə Halil Akbunarın vurduğu qol sayəsində hesabı açmağa nail olublar.
İstanbul təmsilçiləri isə 38-ci dəqiqədə Burak Yılmazın onbirmetrlik cərimə zərbəsindən vurduğu qolla hesaba tarazlıq gətiriblər. Lakin “Göztəpə” 45-ci dəqiqədə zəfər qolunu vurmağı bacarıb. Celso Borges komandasının qələbəsini rəsmləşdirib.
Günün digər qarşılaşmalarında “Qalatasaray” səfərdə “Konyaspor”u üç cavabsız qolla məğlub edib. “Dənizlispor” isə doğma meydanda “Antalyaspor”a 0:3 hesabı ilə uduzub.
Turun digər görüşləri bu gün keçiriləcək.
Hazırda turnir cədvəlində “Sivasspor” klubu 40 xalla vahid liderdir. “Fənərbağça” 37 xalla ikinci, “İstanbul Başakşəhər” 36 xalla üçüncüdür.
Terefsiz.az