Kamfora yağının faydaları – Video

0
203

Kamfora Şərqdə qədim vaxtlardan tibbdə çox geniş istifadə olunurdu. Onun köməyi ilə ağrılar, iltihablarla mübarizə aparırdılar. İnsanlar inanırdı ki, kamforanın kəskin iyi qara güvvələri qovur.

Kamfora təbii müalicəvi vasitədir. Kamfora yağını kamfora ağacından istehsal edirlər.

Kamfora yağı müasir dövrdə də həm tibbdə, həm də kosmetologiyada geniş istifadə olunur. Kamfora yağı bir çox qızdırıcı, ağrısızlaşdıran, iltihabəleyhinə mazların tərkibinə daxildir.

Terefsiz.az bildirir ki, ev şəraitində təmiz kamfora yağı müxtəlif ağrılar və iltihablar zamanı təbii müalicəvi vasitə kimi uğurla istifadə oluna bilər. Kamfora yerli qan dövranı yaxşılaşdırır, iltihabı azaldır, sinir sisteminə çox müsbət təsir edir, sakitləşdirir, ürəyin fəliyyətinə müsbət təsir edir.

– Əzələ iltihabları və ağrıları zamanı ağrıyan əzələyə kamfora yağını sürtün. Bu ağrıların və ilthabların tez bir zamanda azalmasına kömək edəcək. Radikulit, revmatizm, artrit, podaqra kimi xəstəliklərlə bağlı olan ağrılar zamanı kamfora çox yaxşı effekt verir.

– Kamfora kompresləri bədəndə travmadan sonra (yıxılma və s.) göyərmələrin və əzilmiş yerlərinin müalicəsində istifadə olunur.

– Kamfora qulaq iltihabı zamanı (otit) da çox geniş istifadə olunur. Bunun üçün tənzif kamfora yağında isladılır (yağı əvvəlcədən isti suda bir qədər isindirin), qulağın ətrafında (qulağın içinə yox!) kompres şəklində qoyulur. Daha sonra qular qalın pambıq qatı ilə örtülür və üzərinə tənzif sarıq qoyulur. Kompresi 2 saat ərzində saxlamaq lazımdır. Nəzərinizə çatdıraq ki, belə kompres yalnız xəstəliyin əvvəlində müsbət effekt verə bilər. Belə kompresləri uşaqlara da qoymaq olar. Lakin bunu etməzdən əvvəl mütləq pediatrla məsləhətləşin. Belə hesab olunur ki, 2 yaşına kimi olan uşaqlarda kamforanın istifadəsi arzu edilmir.

– Bronxit zamanı da kamfora yağı çox yaxşı müalicəvi effekt verir. Tənzif kamfora yağında isladılır, döş qəfəsinə qoyulur və yun şərf və ya şalla bədənə bərkidilir. Belə kompresi yatmazdan əvvəl etmək lazımdır. Xəstə bu kompreslə yatmalıdır.

– Sinusitlər (haymorit, frontit və s.) zamanı kamforanı kompres şəklində üzə qoymaq olar. Pambıq əskiyə kamfora yağını damızdırın və üzə qoyun.

– Kamfora yağı baş ağrıları azaldır. Baş ağrıları zamanı kamfora yağını yun parçaya (şərf və s.) damızdırın və başınızı sarıyıb uzanın. Tez bir zamanda siz ağrıların azalmasını hiss edəcəksiniz.

– Kamfora yağı sinir sisteminə də müsbət təsir edir. Hər gün yatmazdan əvvəl 10 damcı kamfora efir yağı əlavə olunmuş ilıq vanna qəbul edin. Bu sadə vasitə sakitləşdirir, stresi və yorğunluğu azaldır, yuxunu tənzimləyir.

– Diş ağrısı zamanı pambığa bir neçə damcı kamfora yağı damızdırın və ağrıyan dişin üzərinə qoyun.

– Tibbdən əlavə kamfora kosmetologiyada da uğurla istifadə olunur. Yağlı iltihablı dəri üçün bu kimi maska hazırlamaq olar: 2 xörək qaşığı ağ gil ilıq su ilə xama konsistensiya alınana kimi qarışdırılır, 1/2 çay qaşığı kamfora yağı əlavə olunur və üz dərisinə çəkilir. 10 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun.

Üz dərisini cavanlaşdıran maska: 1 yumurta sarısı, 1 çay qaşığı zeytun yağı, 1/2 çay qaşığı duru bal, 1/2 çay qaşığı kamfora yağı yaxşı qarışdırılır və təmiz üz dərisinə çəkilir. 15 dəqiqədən sonra maskanı yuyun və üzünüzə adətən istifadə etdiyiniz qidalandırıcı krem çəkin.

Nəzərinizə çatdıraq ki, kamfora yağı allergik reaksiyalara səbəb ola bilər. Kamfora spirtini istifadə etdikdən əvvəl su ilə durulaşdırmaq lazımdır. Dərizə zədələnmələr olduqda kamfora spirti istifadə olunmur.