Yüksək dövlət vəzifələrinin yazılış qaydaları müəyyənləşib

0
287

Nazirlər Kabinetinin təsdiqlədiyi Azərbaycan dilinin Orfoqrafiya Normalarına əsasən, yüksək dövlət vəzifələrinin yazılış qaydaları müəyyənləşib.

Terefsiz.az saytının məlumatına görə, yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının Prezidenti, Azər­baycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri), nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. mürəkkəb adların tərkibindəki bütün sözlərin (adına, üzrə, yanında, qarşı kimi yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Yeni Azərbaycan Partiyası, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı Şəhər İcra Hakimiyyəti, Ağstafa Rayon Təhsil Şöbəsi və s.

Eyni zamanda tərkibində gün sözü olan və təqvimə düşən əlamətdar günlərin adlarında bütün sözlər böyük hərflə yazılır: Beynəlxalq Ana Dili Günü, Beynəlxalq Qadınlar Günü, Dünya Azər­bay­can­lı­larının Həmrəyliyi Günü və s.

Məşhur tarixi gün və bayram adlarında yalnız birinci sözün ilk hərfi böyük yazılması təsdiqlənib: İyirmi yanvar, İyirmi səkkiz may, Səkkiz mart, Qurban bayramı, Novruz bayramı və s. Həmin günlər rəqəmlə göstərilərsə, 20 Yanvar, 28 May, 8 Mart və s. rəqəmdən sonrakı birinci sözün ilk hərfi böyük yazılır.

Yeni normaya əsasən, Azərbaycan Respublikasının Səhiyyə naziri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılır.

Bununla yanaşı, bundan sonra fəxri adların özək hissəsini təşkil edən ilk sözün böyük hərflə, sonrakı sözlərin isə kiçik hərflə yazılması təsdiqlənib: Əməkdar müəllim, Əməkdar incəsənət xadimi, Xalq şairi və s.

Azərbaycanın Milli Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı mürəkkəb adlarında hər üç söz böyük hərflə yazılır.

İstinad: Report.az

Terefsiz.az