“Qulaqdibi” xəstəliyinin yayıldığı kəndin sakini: “Bu vəziyyəti gizlətməyə çalışırlar”

0
147

Tovuzun Aşağı Quşçu kəndində “qulaqdibi” xəstəliyinin yayılmasına səbəb uşaqların xəstəxana binasında dərs keçmələri olub.

TEREFSİZ.AZ xəbər verir ki, bu barədə kənd sakinlərindən biri məlumat verib. O iddia edir ki, kənddə xəstəliyin yaranmasına səbəb məktəblərdən birinin təmir üçün fəaliyyətini dayandırması olub:

“Tovuzun Aşağı Quşçu kəndində üç məktəb var: 1 saylı tam orta məktəb, İmran Bayramov adına kənd ümumi orta və İsmayl Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəb. Bir neçə ay bundan əvvəl İsmayıl Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbi təmirə bağlanıb. Şagirdlərin tədris prosesi dayandığı üçün onlara dərs keçmək üçün boş bina axtarırdılar. Kəndin ikimərtəbəli böyük xəstəxanası var. Həmin bina tibb məntəqəsi kimi fəaliyyət göstərib. Tibb məntəqəsinin ikinci mərtəbəsi uzun illər istifadəsiz qalıb. İ.Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbin şagirdlərini heç bir dezinfeksiya işi aparılmadan həmin otaqlara yığıb, dərs keçiblər. Xəstəliyin yaranmasına və qısa müddətdə yayılmasına səbəb bu olub.

Uşaqlar xəstələnməyə başlayıb. “Qulaqdibi” xəstəliyinin inkubasiya müddəti 21 gündür. Valideynlər isə bu müddəti gözləməyib. Uşaqlar dərslərindən geri qalmasınlar deyə məktəbdən saxlamayıblar. Belə-belə xəstəlik artıq epidemiya halı almağa başlayıb. Bu, bir neçə günün məsələsi deyil. Artıq dörd-beş aya yaxındır ki, vəziyyət belədir. Hətta xəstələnən uşaqlardan birinin vəziyyəti o qədər ağırlaşmışdı ki, onu təcili Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Kənd camaatı da bundan sonra təlaşlanmağa başladı”.

Sakinin sözlərinə görə, məsələ o qədər ciddi hal alıb ki, artıq kənddə həkimlər tərəfindən yoxlamalar aparılır:

“Xəstəlik artıq digər kəndlərə də yayılıb. Bu səbəbdən Tovuz Rayon Gigiyena və Epidemiologiya Mərkəzi yoxlamalara başlayıb. İlkin olaraq ehtimal edilir ki, “qulaqdibi” xəstəliyinin uşaqlar arasında kütləvi şəkildə yayılmasının səbəbi onlara düzgün peyvənd vurulmaması və ya peyvəndin ümumiyyətlə edilməməsidir. Bundan başqa eşitdiyimə görə, məntəqədə xadiməçilər tibb bacısı kimi staja götürülüblər”.

Kənd sakini onu da bildirib ki, kəndin 10 minə yaxın əhalisi və üç məktəb binası var. Xəstəliyə isə daha çox uşaqlar yoluxur:

“Kənddəki uşaqların böyük əksəriyyəti “qulaqdibi” xəstəliyinə yoluxublar. Xəstələnənlər arasında çox az sayda böyüklər var. Bu səbəbdən kənd camaatı deyir ki, “xəstəlik artıq yoluxmağa uşaq tapmadığı üçün böyüklərə keçir”. Uzun müddətdir ki, davam edən bu vəziyyəti gizlətməyə çalışırlar”.

Xatırladaq ki, təmir üçün fəaliyyəti dayandırılan İ. Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbin 1176 nəfər şagird üçün nəzərdə tutulub. Məktəbin üçmərtəbəli hazırkı binası 1976-cı ildə istifadəyə verilib. Hazırda məktəbdə 809 nəfər şagirdinin təlim-tərbiyəsi ilə 106 nəfər müəllim məşğul olur.

İstinad: oxu.az