Koronavirusun “Çin virusu” adlandırılması narazılıq doğurdu

0
154

Bəzi media qurumları tərəfindən koronavirusa “Çin virusu” deyilməsi ifrat məsuliyyətsiz davranışdır.

Terefsiz.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lician bildirib.

O, Ümumdünya Səhiyyə Təşkilatı (WHO) tərəfindən də yeni koronavirus xəstəliyi üçün coğrafi yerləşməyə işarə vuraraq heysiyyətə toxuna biləcək başqa adlar işlətməyin qarşısını almaq üçün dəfələrlə COVİD-19 adının işlədildiyini xatırladıb.

Virusun dünya boyu yayıldığını qeyd edən XİN rəsmisi ilk dəfə Çindən yayılmağa başlaması faktının virusun mənşəyini də bu ölkəyə bağlamaq üçün tutarlı əsas yatamaması barədə tənəffüs xəstəliklər üzrə ekspert Jonq Nanşanın fikirlərini misal gətirib.

“İndi biz “informasiya virusu”, yaxud “siyasət virusu”na qarşı necə duruş gətirəcəyik?”, – deyə sual verən J.Lician bir sıra media qurumu tərəfindən “Çin virusu” sözünün işlədilməsi ilə epidemiyanın sanki Çin tərəfindən törədilməsi barədə yanlış təəssürat yaradıldığını dilə gətirib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 82 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 94.380-ə çatıb. Bunların 51.317 nəfəri sağalıb, 3.221 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.