Azərbaycan Respublikası Gənclər Fondu gənclərin sosial və ictimai əhəmiyyətli ideyalarının maliyyələşdirilməsini nəzərdə tutan “İdeyanı reallaşdır” gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsinə start verib.
Fonddan Oxu.Az-a bildiriblər ki, elan edilmiş mövzular üzrə gənclərin bilik və bacarığının, təmsilçilik və qərar qəbuletmə, eləcə də fəallığının artırılması ilə bağlı layihələr martın 11-dən etibarən “GencAPP” (genc.az) mobil tətbiqi və www.youthfoundation.az internet səhifəsi vasitəsilə müsabiqəyə təqdim oluna bilər. Müsabiqə çərçivəsində maliyyələşdiriləcək mövzuların siyahısı gənclər və gənclər təşkilatları ilə aparılan sorğular və gənclər siyasətinin prioritet istiqamətləri əsasında müəyyən edilib.
Müraciət prosesini asanlaşdırmaq məqsədilə gənclər layihələrini həmin platformalar vasitəsilə artıq videotəqdimat şəklində göndərə biləcəklər.
Müsabiqədə tətbiq edilmiş daha bir yeniliyə əsasən, gənclərin ideya və layihələri martın 11-dən etibarən il boyu Gənclər Fondu tərəfindən qəbul ediləcək və hər rübün sonunda qaliblər elan olunacaq. Belə ki, bir çox hallarda təklif olunan layihələrin təxirəsalınmaz icrası tələb edilir və dövrü keçirilən qrant müsabiqələrində həyata keçirilməsi layihənin faydasını və aktuallığını azaltmış olur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2011-ci ildə təsis edilmiş Gənclər Fondu bu günə qədər 14 qrant müsabiqəsi çərçivəsində gənclər və gənclər təşkilatlarının 4 mindən artıq layihəsini maliyyələşdirib. Fond paytaxtda və regionlarda yaşayan gənclərin hərtərəfli inkişafı ilə bağlı silsilə proqramlar həyata keçirməkdədir.
istinad:oxu.az