Bakıda oğurluq faktları kəskin azalıb

0
110

Ötən gün ərzində Azərbaycanın paytaxtında daxili işlər orqanlarının əməkdaşları tərəfindən 19 oğurluq hadisəsi qeydə alınıb.

Bu barədə Terefsiz.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Mülki cinayətlər sahəsində bu qədər aşağı göstərici Bakıda son 7 ildə ilk dəfə müşahidə olunur.

Beş il əvvəl paytaxtda bir gündə 25 fərdi mülkiyyət oğurluğu qeydə alınmışdı.

Hüquq-mühafizə orqanlarının əməkdaşları belə bir dinamikanın oğruların karantin qaydalarına əməl etdikləri üçün deyil, koronavirusa yoluxmaq qorxusundan irəli gəldiyini hesab edirlər.

Oğurluq hallarının azalmasına paytaxt sakinlərinin evdə oturması və ehtiyac olmadan çölə çıxmamaları da səbəb olub. Bundan əlavə, kiçik oğruların toplaşdığı müxtəlif internet-klubların bağlanması da müsbət haldır.

“Xüsusi rejimlə əlaqədar olaraq, 21:00-dan sonra heç kim şəhərin küçələrində gəzmir. Cinayətkarların toplaşacaq yerləri yoxdur. Onlar polisin gözünə görünməmək üçün evdə qalmaq məcburiyyətindədirlər. Bunlar COVID-19-a yoluxmaqdan ən az qorxan insanlardır. Onları yalnız bir şey maraqlandırır: haradan və nəyi oğurlamaq”, – deyə hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər.

Qeyd edək ki, 19 oğurluq hadisəsindən 5-nin üstü açılıb. Bakıda bir gündə qeydə alınan cinayətlərin ümumi sayı da azalaraq 44 hal təşkil edib ki, bunlardan 12-nin üstü açılıb.

Nərimanov rayonunda naməlum şəxslər Ziya Bünyadov prospektində yerləşən, 1972-ci il təvəllüdlü Yusif Nuriyevə məxsus “Bakı Satış Mərkəzi”nin anbarını qarət ediblər. Cinayətkarlar anbar qapısının kilidini sındıraraq oradan 10 000 manat dəyərində pəncərə aksesuarlarını aparıblar. Cinayət 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırılıb.

Nəsimi rayonunda Anar Babayevə məxsus şirkətin ofisindən təqribən 3000 manat dəyərində iki kompüter, üç ətir şüşəsi və 1000 manat dəyərində bir qəhvə hazırlayan maşın oğurlanıb. Bu faktlarla bağlı həbs olunanlar yoxdur.

Onu da qeyd etmək lazımdır ki, oğurluqların əksəriyyəti kiçik məbləğlidir. Necə deyərlər, “əllərinə keçəni aparırlar”.

Ramella İbrahimxəlilova

istinad:oxu.az