Dezinfeksiya tədbirləri zamanı istifadə edilən maddələr təhlükəlidir?

0
124

Paytaxt ərazisində dezinfeksiya tədbirləri gücləndirilmiş rejimdə davam etdirilir. Nəinki açıq havada, eləcə də inzibati binalarda, məktəb, xəstəxanalar və digər obyektlərdə də dezinfeksiya işləri davam etdirilir.

Maraqlı məqam isə bu gün sosial şəbəkələrdə paytaxt küçələrindən birində göyərçinlərin kütləvi şəkildə ölməsi olub. Məsələ müzakirələrə səbəb oldu. Bir qrup insan quşların dezinfeksiya tədbirləri zamanı istifadə edilən maddələrin təsirindən ölə biləcəyini iddia edir.

Bəs görəsən, əslində vəziyyət necədir? Doğurdanmı dezinfeksiya tədbirləri zamanı istifadə edilən maddələr insan və heyvanlar üçün təhlükəlidir?

Oxu.Az məsələ ilə bağlı Bakı Dezinfeksiya Mərkəzinin rəhbəri Akif Məmmədov ilə əlaqə saxlayıb. O bildirib ki, dezinfeksiya tədbirlərində istifadə edilən dərmanlar aidiyyəti qurumlara Səhiyyə Nazirliyi tərəfindən paylanılır:

“Biz əsasən, qapalı müəssisələrdə – xəstəxanalar, məktəb binaları, obyektlər, bağçalar, idarələrdə dezinfeksiya işləri aparırıq. Paytaxt küçələrində dezinfeksiya tədbirlərini aidiyyəti qurumlar aparır. Ümumi olaraq qeyd edim ki, Mərkəzə dezinfeksiya tədbirləri zamanı istifadə edilən dərmanlar Səhiyyə Nazirliyindən verilir. İstifadə edilən məhlulun tərkibi təhlükəli deyil. Həmin dərmanların tərkibi laboratoriyalarda yoxlanılıb və istifadəsinə icazə verilib.

Bizə əsasən, xloramin və bromosept dezinfeksiyaedici maddələr verilir. Onların da özünün istifadə qaydaları, norması var. Həmin normalar çərçivəsində, göstərişi uyğun olaraq istifadə edilir”.

Bundan başqa, Nazirlər Kabinetinin qərarına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən də paytaxt ərazilərində dezinfeksiya işləri davam etdirilir. Bu çərçivədə bir sıra şirkətlər tərəfindən də könüllü olaraq dezinfeksiya tədbirlərinə qoşulan sahibkarlar olub.

Onlardan biri “SAS İnşaat” MTK-nın rəhbəri Süleyman Əliyev Terefsiz.az-a açıqlamasında bildirib ki, dövlətin gördüyü işlərə dəstək məqsədilə dezinfeksiya xidməti göstərən şirkətlərdən birinə müraciət edib:

“Hazırda ölkə ərazisində bir aylıq xüsusi rejim tətbiq olunur. Bu müddət ərzində aidiyyəti qurumlar tərəfindən paytaxtda, eləcə də regionlarda koronavirus təhlükəsinin yayılmasının qarşısı almaq məqsədilə ciddi tədbirlər görülür.

Dövlət qurumlarına dəstək olmaq məqsədilə şirkətin vəsaiti hesabına dezinfeksiya xidməti göstərən özəl şirkətlərdən “Şərən-N” MMC-yə müraciət etdim. Nəticədə Abşeron rayonunda bir sıra küçələrdə və parklarda, məhəlləarası yollarda dezinfeksiya tədbirləri həyata keçirdik. Xırdalan şəhərinin, Novxanı qəsəbəsinin bir hissəsi, Ceyranbatan və Masazır qəsəbələrində ətraf ərazilər isə tam şəkildə dezinfeksiya edilib.

Şirkət tərəfindən istifadə edilən dezinfeksiya məhlulunun tərkibi natrium hipoxlorid, natrium hidroksid maddələrindən ibarət olub. Dezinfeksiya işləri apardığımız ərazilərdə isə heç bir heyvan və ya quşların zəhərlənməsi, ölməsi faktı ilə rastlaşmamışıq”.

Xatırladaq ki, bu gün sosial şəbəkədə payatxt ərazisində göyərçinlərin kütləvi şəkildə ölməsi ilə bağlı foto yayılıb. Quşların hansı səbəbdən öldüyü hələlik məlum deyil.

Könül Cəfərli 

istinad:oxu.az