” Və…Bilmədiyiniz tək şey bu deyil! ” – Bənövşə Mahmudqızı

0
682

” Bilmədikləriniz “

Salam ata.
Salam ana.
Bilmirsiz…
Mən sizi çox sevirəm…
Sizin tək bilmədiyiniz,
Sizin tək görmədiyiniz
Sevgim deyil ki…
Boynum elə əyildi,
Belim elə büküldü ki…
Ruhumdakı
elə ağır yükdür ki…
Kaş soruşaydız,
Danlamaq əvəzinə
Dinləməyi sınayayadız,
Sonra qınayaydız…
Amma…
Anlamaq əvəzinə,
Danlamaq asandır.
Yoxsa yasaqdır???
” Nəyə ehtiyacın var,
Kömək lazımdır ? ”
Sualları…
Ərşə çatıb dualarım,
Bəyan olub arzularım.
Bircə siz bilmirsiniz,
Görmürsünüz.
Çünki istəmirsiniz…
Sevirsiniz…
Sizin övladınız
olduğum üçün.
Sevmirsiniz…
Məni mən üçün.
Bilmirsiz…
Sizi çox sevirəm…
Və…
Bilmədiyiniz
tək şey bu deyil!

 

” Gecələr “

Başımı yastığa qoyanda,
Problemlər ağlımda…
Yuxum qaçdı,
Öncə bir neçə saat.
Sonra…
Gündüzlər
heç olmadım rahat.
Gündüzləri gecələrə satdım.
Deyərkən,
insanlardan qaçım,
Mən yuxumu qaçırtdım.
Gündüzlər
yumdum gözümü,
Gecələrə verdim özümü.
Gündüzlər yatdım,
Sözlərimi yatırtdım.
Amma gecələr…
Söz qusurdum.
Mən susurdum,
Hislərim isə yox.
Hislərim şeir yazırdı,
Əzablardan ilhamlanırdı.
Gecə o ağlayan,
Taleyini danlayan,
Hamını anlayan,
Heç anlaşılmayan
Mən deyilmişəm kimi
Heç nə olmamış kimi
Yatırdım gündüzlər.
Heç nəyi bilməzlər,
Ona görə,
Onlara görə
Nə bilim, nələrəm.
Amma…
Məni bir mən bilərəm.
Bilərəm ki,
Kimsənin etmədiyini edər,
Gecələr məni
Həqiqətən dinlər…

Müəllif: Bənövşə Mahmudqızı