Ümid edirəm, hökumət son 48 saatdan öz dərsini aldı, belə sərt və mənasız karantin qərarı, eksperiment bir daha olmayacaq. Gələn həftə sonu 31-34 dərəcə isti olacaq, küləksiz hava gözlənilir, bu havada insanları evlərə doldurmaq olmaz, bu həm siyasi, həm sosioloji, həm psixoloji, həm də tibbi cəhətdən ziyanlıdır. Vitamin D virusa mənfi təsir edən amildir, günəş bizə həmin vitamini verir. Həftə sonu böyük Malları, hətta qapalı məkanlarda yerləşın kafe, restoranları (açıq havada işləyə bilərlər), qeyri-ərzaq dükanlarını bağlamaq olar, amma insanları evə qapatmaq olmaz, bunun ciddi fəsadları ola bilər!
Hökumət biznesi də çökdürür, insanların ruh halını da – belə olmaz, vətəndaşların üzərində bu qədər eksperiment aparmazlar.
Əziz vətəndaşlar, biz də öz üzərimizə düşən məsuliyyəti dərk edək – maska taxaq, fiziki məsafəni qoruyaq, əlcək taxaq, toplu şəkildə bir yerə toplaşmayaq. Hökumət də öz işini doğru görsün – elm adamlarını toplasın, açıq müzakirələr təşkil eləsin, ağıllı, düşünülmüş qərarlar alsın.
İqtisadiyyata böyük ziyan dəyib, kiçik-orta sahibkarlar qan ağlayır, bunun fəsadları hələ azı 1 il çəkəcək, onlara ciddi dəstək paketi lazımdır. Vətəndaşların sosial vəziyyəti ağırlaşıb, yeni dəstək proqramı qəbul olunmalıdır. Neft 40 dollar olmağına sevinməyin, süni qiymət artımıdır, təməl problemlər yerindəcə qalıb, həm də Azərbaycan hasilatı gündəlik 164 min barel azaltmalıdı, azalma artıq var – nə fərqi var ki, məsələn, 700 min barel neft çıxarıb bunun 600 min barelini 30 dollara satasan, ya da 550 min barel neft çıxarıb bunun 450 min barelini 40-45 dollara satasan – valyuta gəliri artmır axı!
Deməli, bizi çox ağır iqtisadi il, hətta illər gözləyir, vətəndaşı da, iqtisadiyyatı da zopa ilə idarə etmək olmaz – bu, bir yerə qədərdir, sonra təməl iqtisadi, siyasi və sosial qanunlar işə düşəcək! Mütləq düşəcək, bunu bilin artıq…
Natiq Cəfərli
İqtisadçı
azerforum.com