Biz harada səhv buraxdıq?

0
2941

Öncədən deməliyəm ki bu balaca qızın videosu sosial şəbəkələrdə “meydan” sulayır. Videoda balaca qız, ona öncədən öyrədilmiş şəkildə “oğru aləminin” danışdığı sözlərdən istifadə edərək, kiməsə hədə qorxu gəlir. Videodan bilinir ki bu balaca qızı qıraqdan kimsə çəkir. Bu yaşında bir uşağın bütün bunları bilməsi sözsüz çox dəhşət doğrur. Kim, hansı məqsədlə bu uşağa bunları öyrədib və video çəkərək, tiktok sosial şəbəkəsində yayımlayır. Bəzi sözləri öyrənib də, özünü oğru aləminin bir üzvü hiss edən yeniyetmə və gənclər, artıq bütün bunları balaca uşaqlara da öyrədirlər. Cəmiyyət olaraq nə zaman və harada biz belə çöküş yaşadıq? Günahkar kimdir? Bu cür “xırda” məsələlərə göz yuman ailəmi, “vecinə” almayan məktəbmi, ya “biganə” davranan cəmiyyətmi? Bu yaşda uşağın məktəb dərslikləriylə əlləşəcəyi bir zamanda kimsə tərəfindən öyədilmiş bu sözlərlə video qarşısında poza verərək, kimsəsə “xox” gəlmiş kimi davranması səviyyəsizlik və axmaqlığın ən yüksək göstəricisidi. Bu cür videoların hesabına sosial şəbəkələrdə məşhurlaşmaq istəyən və deyərdim ki məşhurlaşan o qədər adam var ki. Nə qədər ki biz buna gülüb keçəcəyik, nə qədər ki vecsiz davranıb, bizim ailəmizdən deyil deyə biganə qalacağıqsa, bu qədər cahillik və gələcəyimizə zərbə ola biləcək məsələlər baş alıb gedəcək. Qınamaq və qarşısını almaqdansa, tərif yağdırıb, özünü bənzətmək istəyi artıqca çöküş daha da sürətlənəcək. Hüquq-mühafizə orqanları bu videonu çəkən və onu yayımlayan müəlliflərə qarşı həddi-buluq yaşına çatmayan uşaqdan istifadə edərək, bu cür çağırışlara səsləyən videonu çəkənləri mütləq ki cəzalandırmalıdırlar. Əks halda mən başımıza gələcək hadisələrdən qorxuram.