Azərbaycan vaksin hazırladı – Vitse-prezident açıqladı

0
530

Pandemiya dövrü davam edir. Dünya virusla yaşamağı öyrənir, insanlar həyatılarını infeksiyanın şərtlərinə uyğunlaşdırmağa çalışırlar. Bu müddət ərzində ölkəmizdə koronavirusla mübarizə ilə yanaşı, digər sahələrdə də islahatlar aparıldı. Son günlər gündəmə gəlmiş mühüm məsələlərdən biri də yeni Təhsil naziri təyinatıdır.

Terefsiz.az xəbər verir ki, bu və digər məqamlarla bağlı AMEA-nın birinci vitse-prezidenti, Elmi Şuranın sədri, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü İsa Həbibbəyli Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

– İsa müəllim, yeni Təhsil naziri Emin Əmrullayev ən gənc nazirimizdir. Ondan hansı gözləntiləriniz var?

– Nazirlər qarşısına ölkə prezidenti tərəfindən qoyulan mühüm vəzifələr həmin sahədə islahatlar aparmaq, yeniliklər tətbiq etmək və nəticələr əldə etməyə yönəlikdir. Hesab edirəm ki, yeni təyin olunan Təhsil nazirimiz də bu prosesin içərisində olan gənc, dinamik, sahəsinə bələd şəxsdir.

Emin Əmrullayevlə sıx ünsiyyətim olmayıb. Milli Məclisin Elm və təhsil komitəsində müəyyən qanun layihələri hazırlanarkən komissiyaların təkibində olan indiki nazirin təhsil sisteminə yaradıcı yanaşdığının, təhsil məsələlərinə dərindən nüfuz etmək istəyinin, bu sahədə incəliklərə bələd olmaq üçün daim səy göstərdiyinin şahidi olmuşam. Hesab edirəm ki, bu axtarış hissi, yeniləşdirmə meyli, daim öz üzərində çalışmaq kimi xüsusiyyətlər Emin Əmrullayevə uğurları davam etdirməyə, problemləri isə həll etməyə kömək olacaq. Öz üzərində işləməyi sevir, proqramtik insandır. Bütün bunlar Təhsil nazirindən böyük təşəbbüslər gözləməyə əsas verir.

– Mart ayından bəri pandemiya ilə əlaqədar tədris işləri dayandırılıb. Necə düşünürsüz, sentyabr ayında dərslər ənənəvi qaydada keçirilə bilərmi?

– Mən çox arzu edərdim ki, pandemiya dövrü başa çatsın, dərslərimiz ənənəvi qaydada keçirilsin. Çünki onlayn dərs canlı ünsiyyəti əvəz edə bilmir. Onlayn dərs yaranmış çətin vəziyyətdən çıxmaq üçündür. Yaxşı cəhət odur ki, Təhsil Nazirliyi onlayn tədris sistemini ölkə üzrə qura bildi, vəziyyət formalaşdı. Amma mən bir elm xadimi kimi çox arzu edərəm ki, pandemiya tezliklə başa çatsın.

Son günlər ölkəmizdə statistik göstəricilərdə müsbət dinamika müşahidə edirəm. Sərtləşdirilmiş karantin öz nəticələrini göstərməkdədir. Sağalanların sayı yoluxanların sayından xeyli dərəcədə çoxdur. Çox istəyərəm ki, qalan günlərimizdə də bu qaydalara ciddi əməl edək. Belə davam etsək, sentyabrda dərslər başlaya bilər.

Amma bu, qlobal bəladır. Əks halda onlayn qaydada dərs keçməkdən başqa yolumuz yoxdur. Yəqin ki, bunun başqa formaları tapılacaq, təkmilləşdiriləcək.

– Pandemiya elmi fəaliyyətinizə necə təsir etdi?

– Pandemiya dövrü dünyada heç kimin gözləmədiyi, qəfildən meydana çıxan, heç bir ölkənin hazır olmadığı hadisədir. Qısa müddətdən sonra dünya ölkələri, o cümlədən də Azərbaycanda bütün strukturlar, onların arasında, əlbəttə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) öz fəaliyyətini pandemiya dövrünün şərtlərinə uyğun qurdu. Bunların içində ən önə çıxan məsələ onlayn rejimdə fəaliyyətin tənzimlənməsi oldu. Demək olar ki, inistutların hamısı onlayn rejimdə elmi şura keçirdilər, müəyyən qərarlar qəbul etdilər. Onların həlli məsələləri ilə bağlı müzakirələr apardılar.

Akademiyada onlayn qaydada bir neçə elmi konfrans təşkil olundu. Akademiyanın müxtəlif institutları bu elmi konfranslara cəlb edildi. Dünyada keçirilən beynəlxalq elmi konfranslarda akademiya geniş şəkildə təmsil olundu.

– Onlayn konfranslar barədə məlumat verə bilərsinizmi?

– Onlyan konfranslar arasında UNESCO-onun keçirdiyi “Tonyukul İrsi və Çağdaş Türk Dünyası” adlı beynəlxalq konfransı xüsusi qeyd etmək istəyirəm. Dünyanın təxminən 30-dan çox ölkəsinin iştirak etdiyi bu konfransda AMEA qədim Orxon Yenisey abidələri ilə təmsil olundu. Bizim alimlərimizin məruzələri beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi.

Bundan başqa, bir neçə böyük konfransda da iştirak etdik. Onların içində beynəlxalq münasibətlərə aid olan konfransı ayrıca qeyd etmək istəyirəm. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan konfrans, Türkiyə ilə birlikdə AMEA-nın keçirdiyi onlayn konfrans da var. Türkologiya məsələləri ilə bağlı Beynəlxalq Türk Akademiyası Astanadan konfrans keçirdi, biz də iştirak etdik. UNESCO səviyyəsində Abay Kunanbayevin yubileyi qeyd olundu və AMEA bu tədbirdə məruzəçilərdən biri oldu.

– Onlayn rejimdə işləmək AMEA əməkdaşlarına çətinlik yaradırmı?

– Beynəlxalq əlaqələri tənzimləyərək öz iş fəaliyyətimizi alışdırmalı olduq. Bu həm də göstərdi ki, çox vaxt itirmədən, ezamiyyələrə maliyyə vəsaiti xərcləmədən də bir çox beynəlxalq əhəmiyyətli tədbirləri onlayn qaydada keçirmək mümkündür. Eyni zamanda pandemiya dövründə alimlər koronavirusla mübarizə üçün təkliflərin hazırlanmasına, elmi tədqiqatların aparılmasına diqqətlərini yönəltdilər.

– Yəqin ki, akademiya daxilində tədqiqatlar aparan alimlərimiz də var…

– Əlbəttə. Karantin rejimi yumşaldığı ərəfədə günaşırı iş rejiminə keçdik. Alimlərin bir çoxu həftənin tək günləri, bəziləri isə cüt günləri işə gəlməklə məsafəni qorumaq şərtilə fəaliyyətimizi davam etdirdik. Akademiyada maskadan istifadəyə xüsusi diqqət yetirilir. Binanın girişində dezinfeksiyaedici məhlul qoyulub, maskasız olanları AMEA Həmkarlar Təşkilatı maska ilə təmin edir. Tamamilə yeni mühitdə işləyirik. Məntəqələrdə də bu qaydalar tətbiq olunub.

Eyni zamanda paralel olaraq onlayn rejimdə fəaliyyət göstəririk. İndiyə qədər diqqət yetirdiyimiz viruslarla mübarizədə tədqiqat proqramlarının üzə çıxması yeni mühiti formalaşdırıb. Əvvəlki illərdə olduğu kimi bu il də ənənəvi olaraq alimlərimiz yay aylarında mərhələli şəkildə məzuniyyətə çıxırlar.

Onlar məzuniyyətdə olmalarına baxmayaraq, onlayn rejimdə öz fəaliyyətlərini davam etdirirlər. İnstitutlarla daimi əlaqə saxlayıb, bir-biriləri ilə məlumat mübadiləsi aparırlar. Onlayn rejimdə işləmək günümüzün reallığına çevrilib. Çalışırıq ki, bütün vasitələrdən istifadə edək, elmimizin inkişaf dinamikası tənzimlənsin və istiqamətlənsin.

– Alimlərimizin koronavirusla mübarizə istiqamətində tədqiqatlar apardığını qeyd etdiniz. Bu tədqiqatlar barədə məlumat verə bilərsinizmi? Hansı yeniliklər var?

– Bizim bir çox institutlarımız koronavirusla mübarizə istiqamətində iş apardı. Məsələn, Coğrafiya İnstitutu sularda virusa yoluxmanın qarşısını almaq üçün ölkəmizin bütün regionlarında monitorinq apardı və suların viruslu olub-olmadığını müəyyən edən elmi metodika hazırladı.

Botanika İnstitutu xalq təbabəti vasitəsilə immunitet sisteminin gücləndirilməsi məsələlərinə aid tədqiqatlar apardı. Hidrorologiya İnstitutunda qabaqlayıcı tədbirlərə kömək edə biləcək bir sıra bitkilərin Azərbaycanda yetişdirilməsi, onların çoxaldılması, müalicəvi əhəmiyyətinin tədqiq olunması məsələsi ilə məşğul oldular.

– Aparılan tədqiqatlardan TƏBİB və ya Səhiyyə Nazirliyi faydalanırmı?

– Əlbəttə. Bizim yeni yaradılmış Biofizika İnstitutu virusa yoluxmanın qarşısını almaq üçün önləyici tədbirlər hazırladı. Elmi cəhətdən əsaslandırılmış bu tədbirlər TƏBİB-in də diqqətini cəlb etdi və TƏBİB artıq onların təkliflərini alıb, tətbiq olunmasını qəbul edib.

– Akademiyada koronavirusa qarşı vaksin hazırlanması ilə bağlı işlər davam edirmi?

– AMEA-nın Molekulyar Biologiya İnstitutunun əməkdaşı, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov Türkiyənin Ağdəniz Universitetinin alimləri ilə birlikdə pandemiyaya qarşı mübarizə üçün vaksinlərin hazırlanması işinə cəlb olunub. O, Azərbaycan və Türkiyə alimlərindən ibarət bir qrup formalaşdırıb. Bizim üçün əhəmiyyətli tərəfi odur ki, bu qrupa Azərbaycan alimi rəhbərlik edir. Onlar bitki mənşəli vaksinlər hazırlamaq üzərində iş aparırlar. Bu yaxınlarda öyrəndim ki, vaksinin hazırlanmasında ilkin mərhələ başa çatıb. Tərlan Məmmədovun apardığı bu tədqiqat artıq sınaqdan keçirilmə mərhələsindədir.

– İsa müəllim, pandemiya xüsusilə iqtisadiyyata mənfi təsir göstərdi…

– Akademiyada iqtisadçılar post-pandemiya dövrü iqtisadiyyatı necə olmalıdır, ölkədə hansı yeni iqtisadi sahələr əhəmiyyətli dərəcədə qorunmalıdır kimi məsələlər barədə seminar keçirdilər. Fəlsəfə İnstitutu pandemiya dövrünün çağırışları və fəlsəfə mövzusunda seminar təşkil etdi.

Pandemiya akademiyanı, ölkə elmi ictimaiyyətini tibbi-bioloji məsələlərə, qlobal təhlükəyə çevirmiş virusla mübarizə məsələsinə yönəltdi. Bu cəhətdən həm xarici alimlərdən birinin fəaliyyəti meydana çıxdı, həm də ölkə miqyasında bu cür tədqiqatlar aparılmağa başladı. Bu tipli tədqiqatlarımız davam edir. Hətta akademiyanın xüsusi olaraq diqqət mərkəzinə çəkdiyi elmi prioritetlərin içində koronavirusla mübarizə istiqamətində meydana çıxan tədqiqatların dəstəklənməsi üçün xüsusi yer ayrılıb.

– Bir neçə ay əvvəl AMEA alimlərinin koronavirusa şeir həsr edəcəkləri deyilmişdi…

– May ayında belə bir məlumat gəlmişdi, 3 ay keçməsinə baxmayaq, hələ də o şeir ortada yoxdur. Bütün kütləvi informasiya vasitələri bundan yazdılar, hanı o şeir? Nə siz gördünüz, nə də mən… Elə bir şeir yazılmayıb, akademiya o işlə məşğul deyil.