” İntihar öncəsi edilən sarsaqlıqlar ”
” Amma bütün intihar edənlər eyni sarsaqlığı edir. Özlərini öldürmədən dəqiqələr öncə, həyatdan çox düzgün bir şəkildə ayrılmaq qüruruna qapılırlar. Başlarına güllə sıxmadan, kəndiri keçirmədən, bıçaqla damarlarını kəsmədən, özlərini yuxarıdan aşağıya atmadan, suda boğulmağa buraxmadan öncə saç, saqqal təmizlənər, geyim dəyişər, ətir vurar, makiyaj edərlər. Məntiq baxımından o qədər açıqlaması mümkün olmayan bir duyğudur ki… “
Amma mən yaşadım bu duyğunun varlığını. Ölümlə dəfələrlə üz-üzə qaldım. Məsələn, hamamda qazdan zəhərlənib, yerə səriləndə kimsənin məni çılpaq halda tapmasını istəməmişdim. Yarı huş ilə gözlərim bulanıq görsə belə, hətta heç görməmək həddində ikən hamamda olanları əllərimlə tutulacaq bir şey olduğunu dərk edib, tuta-tuta ayağa qalxmışdım. Başımı buz kimi suyun altına soxanda, gözlərimin gördüyünün fərqinə vardım. O təlaşla geyindim. O zaman ölmək istəməmişdim. Məqsədlərim, arzularım var deyə dua etmişdim, nə biləydim ki, aylar sonra özüm intihar etmək istəyəcəm. Həmin gün ölməmək üçün, ən çox isə yataq xəstəsi olmamaq üçün çox dua etmişdim. Əslində elə ən çox da qorxduğum da bu idi… Yataq xəstəsi olmaq… Onsuzda illərdir xəstə olan mən, həqiqətən o anda da, həyatım boyu da yataq xəstəsi qətiyyən olmaq istəmədim.
Aylar keçdi… Psixoloji cəhətdən o qədər pis situasiyaya düşmüşdüm ki… Prinsipləri olan biri idim, Bənövşə Mahmudqızının formalaşması asan olmamışdı. O anda isə hiss etdiyim, Bənövşə Mahmudqızı prinsiplərindən o qədər fədakarlıq edib ki, ortada şəxsiyyəti tapdalanmış, kimliyini itirmiş, özgüvənsiz, heç bir işə yaramayan biri olmuşdu. Özümü ortada qalmış, dəyərsiz, heç kəsləşmiş görürdüm. Özümlə dalaşır, sığa bilmirdim heç bir yerə. Dəfələrlə intihar üçün qüsl da almışdım. O dəfələrdə cəsarətim yetməmiş olacaq ki, intihar etməmişdim. Qüsl niyə alırdım? Niyə geyinirdim? Ölmədən öncə əməlli plan cızmaq lazım olduğunu da öyrəndim mən. Yəni ölməkdə qətiyyətlisənsə, deyilsənsə, ölməmək üçün də plan cızmalı idin. Ölməmək üçün özünü riskə atıb, ölmək üçün addım atmaq diqqət aclığının zirvəsi idi. Amma mənimkisi elə bir şey deyildi.
Bir gün… Həqiqətən ölmək istədim, yaşama səbəblərim mənə kifayət etmirdi. Mənim üçün hər zaman faydalı insan olmaq önəmli idi. Öz prinsiplərini çeynəmiş, dəfələrlə etməməyi lazım olduğunu bilərək, hərəkətləri edən, özünə faydası dəyməyən bir insanın yaşamağının da mənası qalmamışdı. Planımı cızdım. Çox tez həm də. Çətin deyil plan cızmaq, ölümə qərarlı ikən. Evdə kimsə yox idi. Qapını açıq qoydum ki, evdə olduğumu hamı bilir, ölümümü öyrənənə qədər bütün binanı ayağa qaldırmasın ailəm. Sonra içimdəkiləri anladan bir səs yazısı yazdım telefonuma. İnternetimi bağladım ki, gözüm qaralanda açıb, yollayaram. Tərtəmizəm. Bıçağı da yudum. Digər ölüm üsulları mənlik deyildi, digərlərində sağ qalmaq ehtimalı daha çox idi, gözümdə. Həm ölməyib, ya şikəst olarsam? Bunları da düşünmüşdüm. Mənə uyğun olanı damarları kəsmək idi. Söykənib mebelə, yerdə oturub, hönkürtü ilə ağlayıb, səsimi yazdıqdan sonra, bıçağı gətirdim qoluma. Ən xırda şeydə, göyərən, qanayan dərimə heç nə olmurdu. Evin ən iti bıçağı kəsmirdi. Məni bu hal lap əsəbləşdirirdi. Artıq qırmızılaşma gedirdi, çətin də olsa bacarırdım. Birdən bacım və anam içəri girdi. Məni görüb, nə deyəcəklərini belə bilmədilər. Həm onlar görə-görə də özümü öldürə bilməzdim ki… Əsəbdən bıçağı atdım ki, bu nə cür bıçaqdır. Evə düzgün bıçaq alın da!
Başda dırnaq işarəsi ilə qeyd etdiyim yazının türkcəsi qarşıma çıxmışdı. O qədər doğma duyğudur ki…
Həyatıma dəfələrlə, dəfələrlə nəzər saldım. Baxdım ki, ölümlə bu qədər üzbəüz qalan adam, intihar etmək istəsə belə ölə biləməyən mən, dəqiq vaxtım çatmayıb…
Yaşamaq həvəsi olan biri deyiləm, ölməkdən də qorxmuram.
Sadəcə yaşadığım müddətdə, vaxtım gələnə qədər faydalı biri olmağa çalışacam.
İstəmirəm, istəmirəm çəkdiyim əzablar, tanış olan duyğularla bunları çəkməyən və tanış olmayan , əsas da bunları yaşamağa layiq olmayan insanlar yaşasın. Mən varlı deyiləm. Nə ruhumu, nə bədənimi satdım. Prinsiplərimi və özümü toparlayıb, əlimdən gələni sizin üçün etməyə çalışan, vaxtını içdən içə gözləyən biriyəm.
Bəlkə də bir gün yenidən yaşamaq həvəsi dolar içimə, bəlkə bir gün ölmək istəməyəcək qədər xoşbəxt olaram və o zaman da ölərəm…
Bənövşə Mahmudqızı
TEREFSİZ.AZ