Fuad Ələsgərov: “Azərbaycanın hər bir vətəndaşı məhkəmə sistemindəki müsbət dəyişikliklərin şahidi olacaq”

0
282

“Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən məhkəmə-hüquq islahatları sonrakı dövrlərdə daha da genişləndirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılmış hüquqi islahatlar məhkəmələrin müstəqilliyinin gücləndirilməsi, onların fəaliyyətində şəffaflığın təmin edilməsi, hakimlərin seçim prosedurunun yeni prinsiplər əsasında müəyyən edilməsi, məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən Məhkəmə-Hüquq Şurasının təşkil edilməsi kimi sahələri əhatə edib”.

Terefsiz.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri, hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Fuad Ələsgərovdeyib.

O bildirib ki, bu islahatlar bu gün də davam etdirilir: “2019-cu il 3 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalanıb. Bu fərman son illər ölkədə siyasi, iqtisadi, sosial sahədə həyata keçirilən böyük islahatların məntiqi davamıdır. Əsas məqsədi məhkəmə hakimiyyətinin nüfuzunun və məhkəməyə inamın artırılması olan fərmanda məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icrasının təmin olunması, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması üçün qanunvericilik, institusional və praktiki tədbirlərin görülməsi nəzərdə tutulub. Əminik ki, bu islahatlar həyata keçirildikdən sonra hər bir Azərbaycan vətəndaşı məhkəmə sistemindəki müsbət dəyişikliklərin şahidi olacaq”.

İstinad: Report az

Terefsiz.az