Şəriətə görə ölünü üzü qibləyə, iyi-qoxusu bayıra çıxmayacaq dərəcədə dərinliyə dəfn etmək lazımdır. Lakin burada Qiyamət gününün dirilişinə aid olan bir məsələ vardır ki, islam aləminin müxtəlif məmləkətlərində, hətta ölkəmizin bəzi bölgələrində qadının qəbri boğazına qədər, kişinin qəbri qurşağına qədər qazılır. Hətta keçmiş zamanda bu ölçünü qamışla edərmişlər. Həm kəfən parçasını, həm də qəbrin boyunu müəyyən etmək üçün. Hətta bölgələrimizdə bir qarğış növü də var: “Boyuna qəmiş ölçüm” deyə. Bu dərinlik fərqini indi müxtəlif cür izah etməyə çalışırlar. Bəziləri tibbi cəhətdən, bəziləri dəfn zamanı qadının görünməsinin naməhrəm olduğunu əsas gətirirlər. Lakin qeyd edim ki, bu dərinlik fərqi şəriətdə vacib deyil, tövsiyyə olunan məsələdir. Vacib olan ölünün dərinliyə dəfn olunmasıdır.
Qadın və kişilərin naməhrəm yerləri, əzaları vardır ki, bu orqanlara başqalarının baxması qadağandır. Kişidə bu yerlər qurşaqla diz arasıdır. Qadında isə üz, əllər və topuqdan aşağı ayaqlardan başqa bütün yerləridir. Yəni bu əzaları qadına naməhrəm olanlar görə bilməzlər.
Qadın kişidən dərinə basdırılır ki, Qiyamət günü dirilib qəbirdə ayaq üstə qalxanda qadının naməhrəm yerləri, sinə hissəsi görsənməsin. Kişilərdə isə bu yerlər qurşaqdan aşağı hissələr hesab olunduğundan bu dərinliyə səbəb yoxdur. Necə ki Həcc mərasimi zamanı da kişilər ehram deyilən, bir növ kəfənə oxşayan geyim geyinirlər və bu geyim əsasən qurşağa qədər örtükdən ibarət olur. Qəbirlərin bu cür fərqli qazılması qadına ehtiramdan dolayıdır.
Ancaq qadının daha dərin basdırılmasında heç bir tibbi əsas yoxdur.