Bu gün “Bakı Marafonu-2019” keçiriləcək

0
263

“Bakı Marafonu-2019” keçiriləcək.

Terefsiz.az xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan yarış saat 10:00-da Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.

Son məlumata görə, “Bakı Marafonu-2019″da iştirak etmək üçün 22 min nəfərdən çox şəxs qeydiyyatdan keçib. Onlardan 580-i əcnəbi vətəndaşdır.

Layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir.

“Bakı Marafonu-2019”un eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Marafon Dənizkənarı Bulvar İdarəsi, Bakı Olimpiya Stadionu, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, eləcə də AFFA və SOCAR-ın dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirəcək.

“Bakı Marafonu-2019”un mükafatlandırması iki kateqoriyada olacaq. Yarışın kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerə 3 min, 2-ci yerə 2 min, 3-cü yerə isə min manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.

O cümlədən, bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunacaq. Finiş xəttini keçən ilk 1000 iştirakçı isə “Bakı Marafonu-2019”un xüsusi medalları ilə təltif ediləcək.

Bundan əlavə, marşrut boyunca bir sıra əyləncəli proqramlar təşkil ediləcək.

Qeyd edək ki, ötən il keçirilən sonuncu Bakı marafonunda 18 min iştirakçı olub.

Keçən yarışlara Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər, ABŞ, Braziliya, Çex Respublikası, Fransa, Hindistan, İran, İsveçrə, İspaniya, Qazaxıstan, Malayziya, Meksika, Özbəkistan, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkmənistan, Ukrayna və digər ölkələrin Azərbaycandakı səfirliklərinin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, “BP Azərbaycan” şirkətinin, Böyük Britaniyanın Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının təmsilçiləri də qoşulmuşdu. Yarımarafonlarda ABŞ, Almaniya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İraq, İran, İspaniya, Keniya, Kolumbiya, Polşa, Rusiya, Türkiyə, Ukrayna, Yaponiya və digər ölkələrdən turistlər də iştirak efib. Layihə region sakinləri tərəfindən böyük maraqla qarşılandığından 2017-ci il sentyabrın 17-də Gəncə şəhərində də yarımarafon təşkil olunub.

İstinad: Report.az

Terefsiz.az