“Azəriqaz” rəhbəri qazın qiymətinin dəyişməsi səbəblərini açıqlayıb.

0
156

Azərbaycanda təbii qazın qiymətinin qiymətinin qalxmasının bir çox obyektiv və subyektiv səbəbləri var.

TEREFSİZ.AZ saytı xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bildirib.

Ruslan Əliyev deyib ki, ilk növbədə dövlət zərərlə işləyən və büdcəyə yük olan sahələri iqtisadi asılılıqdan çıxarmağa çalışır:

“Birinci səbəb odur ki, istehlakçı sayının çoxalması dövlətin xərclərinin artmasını qaçılmaz edir. Digər səbəb isə beynəlxaq bazarda qaz və qaz avadanlıqlarının bahalaşmasıdır. Koronavirus pandemiyasının nisbətən azalması fonunda dünya bazarında canlanma müşahidə olunur ki, bu da bahalaşmanı şərtləndirən amillərdən biridir. Bu vaxta qədər qazın topdan satışını 110 manata alırdıqsa, hazırda bu qiymət 118 manat təşkil edir”.

“Azəriqaz” rəhbəri qeyd edib ki, qiymət artımı noyabrın 1-dən başlayaraq hesablanacaq:

“Oktyabrın sonuna qədər qiymətlər əvvəlki kimi olacaq. Yəni, 1 200 kubmetrə qədər qaza görə abonent bir kubmetr üçün 10 qəpik, 2 500 kubmetrə qədər isə 20 qəpik ödəyəcək. Noyabrın 1-dən isə 1 200 kubmetrə qədər 1 kubmetr qaza görə 12 qəpik ödəniləcək. Bundan yuxarı istifadə üçün isə qiymət dəyişikliyi olmayacaq. Sənaye və kənd təsərrüfatında isə bir kubmetr qaza görə qiymət 20 qəpikdən 22 qəpiyə qaldırılıb. “Azəristiliktəchizat” isə dəyişiklikdən sonra qazın bir kubmetrinə görə 13 qəpik deyil, 17,1 qəpik ödəyəcək”.

Xatırladaq ki, Tarif (qiymət) Şurasının bugünkü iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair müvafiq qərarlar qəbul edilib. Qərara əsasən əhalinin illik istehlakının 1 200 kub metrədək olan hissəsi (1200 kub metr daxil) üçün tariflər 1 kub metr üçün 2 qəpik artırılaraq 12 qəpik müəyyən edilir. Əhali üçün 1 200 – 2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişilmir və əvvəlki həddə saxlanır.

Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılır. “Azəristiliktəchizat” ASC-yə, məhəllə qazanxanalarına və CNG yanacaqdoldurma məntəqələrinə satılan qazın tarifi 13 qəpikdən 17,1 qəpiyə artırılır.

 

Terefsiz.az