Ukrayna Rusiyada yaşayan vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb

0
120

Ukrayna Rusiyada yaşayan vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.

Hesab olunur ki, Rusiyada üç milyona yaxın ukraynalı yaşayır.

Ukrayna hakimiyyəti həmçinin ölkədə bir ay davam edəcək fövqəladə vəziyyət elan edib.

Hökumətin son addımları münaqişənin miqyasının sürətlə kəskinləşə biləcəyinə işarə edir.

line

Fövqəladə vəziyyət – hələ müharibə demək deyil

Svyatoslav Xomenko

BBC müxbiri

Ukraynanın bütün ərazisində fövqəladə vəziyyətin tətbiqi Ali Rada tərəfindən təsdiqlənməlidir. Onun bu məsələ ilə bağlı iclası Kiyev vaxtı ilə saat 17:00-a (Bakı vaxtı ilə 19:00) təyin edilib, amma zənnimcə, bu qərar formal xarakter daşıyacaq.

“Fövqəladə vəziyyət” – Ukrayna hakimiyyətinin leksikonunda yeni sözlərdir: son vaxtlara kimi Kiyev iddia edib ki, hadisələrin istənilən inkişafına hazırdır, amma, əslində sakinlər üçün elə də qorxulu olacaq bir şey yoxdur.

İndi hər bir vilayət administrasiya nəzdində operativ qərargah yaradılacaq.

Fövqəladə vəziyyət rejimi onun rəhbərliyinə kifayət qədər geniş səlahiyyətlər verir. Buraya hərəkət azadlığının məhdudlaşdırılması, kütləvi aksiyalara qadağa, medianın işinin tənzimlənməsi və komendant saatının tətbiqi hüququ da daxildir.

Hər bir bölgə üçün məhdudiyyətlər onun ərazisinə cavabdeh olan qərargah tərəfindən təsdiq ediləcək.

“Fövqəladə vəziyyət rejiminin bizim həyatımıza demək olar ki, heç bir təsiri olmayacaq”, – Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov deyib.

Hadisələrin daha bir inkişaf variantı – ölkədə hərbi vəziyyətin tətbiqidir. Kiyevdə artıq Prezident Volodımır Zelenskiyə qarşı qınaqlar eşidilir: deyilir ki, fövqəladə vəziyyət yarımölçüdür və artıq hərbi vəziyyət tətbiq edilməlidir.

Bu variantın lehinə olan dəlillər fövqəladə vəziyyət barədə Prezident fərmanını təsdiq edəcək parlament iclasında səsləndirilməlidir.

Lakin Ukrayna hakimiyyəti hələlik hərbi vəziyyətin tətbiqini zəruri hesab etmir və bildirir ki, bu tədbir yalnız Rusiya ordusunun genişmiqyaslı müdaxiləsi ilə bağlı tətbiq oluna bilər.