Azərbaycan: Avropa Şurasının 9 milyon avroluq Fəaliyyət Planı niyə tənqid olunur?

0
154

Səfir Zoltán Hernyes Avropa Çurasının Bakı ofisinin rəhbəri (solda), Avropa Şurasının Baş katibi Marija Pejčinović Burić (mərkəzdə), Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov (sağda)

Azərbaycanla Avropa Şurası (AŞ) arasında iki həftə əvvəl imzalanmış təxminən 9 milyon avroluq Fəaliyyət Planı ölkədə insan haqlarını, qanunun aliliyi və demokratiya ilə bağlı vəziyyəti Avropa standartlarına uyğunlaşdırmağı hədəfləyib.

Amma bəzi ictimai fəallar planın müsbət nəticəsini indidən şübhə altına alıblar: BBC News Azərbaycancaya danışan ictimai fəalların fikrincə, plan yalnız imitasiyadır, demokratik sahələrdə hər hansı irəliləyiş yoxdur.

Hakim Yeni Azərbaycan partiyasının təmsilçisi Aydın Mirzəzadə isə hesab edir ki, “ittiham etmək asan işdir, amma işləmək, düzəltmək çətin”.

Ali Məhkəmənin hakimi: “Məhkəmə-hüquq sistemində konkret islahat misalı deyə bilmərəm”

Avropa Şurasının Bakı nümayəndəliyindən BBC-yə bildirilib ki, üzv dövlətin özü tərəfindən dəstəklənməyən və maraqlarına xidmət etməyən heç bir şey sənədə daxil edilmir.

2022-2025-ci illləri əhatə edəcək fəaliyyət planı Azərbaycan hakimiyyəti ilə birgə hazırlanıb.

Avropa Şurasının Fəaliyyət Planında, əsasən ədliyyə-hüquq sistemi, media, gender bərabərliyi və məişət zorakılığı ilə mübarizə sahəsində hakimiyyətlə birgə işlərdən bəhs edilir.

Planda nəzərdə tutulub ki, insan hüquqları sahəsində vəkillik institutu da gücləndirilsin, ədliyyə sahəsində islahatlar dəstəklənsin.

Avropa Şurası toplaşmaq azadlığı ilə bağlı müvafiq müddəaların təcrübədə həyata keçirilməsi üçün Azərbaycan hakimiyyət orqanlarına köməyini təklif edib.

Fəaliyət planında media və ifadə azadlığının inkişafı ilə bağlı tədbirlərə də yer ayrılıb.

Bundan başqa, ətraf mühit və iqlim dəyişikliyi, sosial hüquqlar, uşaq hüquqları sahələrinin inkişafı üçün əməkdaşlıq, seçki, vətəndaş cəmiyyəti qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması nəzərdə tutulub.

Bu, Avropa Şurası ilə Azərbaycan arasında razılaşdırılan ilk fəaliyyət planı deyil, bundan əvvəl də təxminən eyni sahələrdə əməkdaşlıq edilib.

Avropa Şurası Baş katibi Mariya Peyçinoviç Buriç Bakıda 2022-2025-ci illər fəaliyyət planının təqdimatı zamanı deyib ki, indiyə kimi icra olunan planlardan sonra Azərbaycanda müsbət dəyişikliklər var.

“1000 azərbaycanlı hüquqşünas Avropa hüquqlarının mənimsənilməsi və öyrənilməsində təcrübəsini artırıb, təlimlərdə iştirak edib. Bundan başqa, Azərbaycan uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi barədə konvensiyasını ratifikasiya edib. Vətəndaş cəmiyyətinin rolu artırılıb, qanunun aliliyi sahəsində böyük irəliləyiş əldə olunub. Ədliyyə Akademiyasında hakim və məhkəmə işçiləri üçün təlimlər təşkil olunub. 500 jurnalist və vətəndaş cəmiyyətinin nümayəndəsi gender bərabərliyi sahəsində təlimlərdə iştirak edib”, – o deyib.

 

Terefsiz.az