Yenə Azərbaycan,yenə məğlubiyyət…

0
114

Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ilk oyununu keçirib.

“TEREFSİZ.AZ”ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv C Liqasında 3-cü qrupun qarşılaşmasında Qazaxıstanın qonağı olub.

Nur-Sultan şəhərindəki “Astana Arena”da təşkil olunmuş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0. Hər iki qolu Abat Aymbetov vurub.

Matçın ilk yarım saatı ərzində meydanda bərabər mübarizə getsə də, fasiləyə doğru Azərbaycan millisi pressinq hesabına təşəbbüsü ələ alıb. Ən real qol vəziyyəti 31-ci dəqiqədə qeydə alınıb. Renat Dadaşovun rəqib cərimə meydançası xaricindən endirdiyi qüvvətli zərbəni qapıçı İqor Şatski dəf etməyi bacarıb. Bir dəqiqə sonra Şatski Azər Salahlının fərqlənməsinə imkan verməyib. 35-ci dəqiqədə isə Salahlının qapıya doğru qüvvətli zərbəsindən sonra top Emin Mahmudova dəyərək, istiqamətini dəyişib.

İlk yarıda qol vurulmasa da, fasilədən sonra meydan sahibləri daha inamlı təsir bağışlayıblar. 50-ci dəqiqədə Aymbetovun uzaq məsafədən zərbəsindən sonra top tora daxil olub. Tezliklə Qazaxıstan millisi ikinci qolu vurub. Lakin macarıstanlı referi İştvan Vad VAR sisteminə müraciət etdikdən sonra qolu qeydə almayıb. 60-cı dəqiqədə Aymbetov yenidən fərqləndikdə də VAR-a baxılıb. Bu dəfə qolun qaydalar çərçivəsində vurulduğu təsbit olunub.

Qalan dəqiqələrdə Azərbaycan millisinin ən azı təsəlli qolunu vurmaq üçün cəhdləri səmərə verməyib. 68-ci dəqiqədə Aleksey İsayevi Anatoli Nuriyevin, Renat Dadaşovu Namik Ələskərovun, 79-cu dəqiqədə Bədavi Hüseynovu Tural Bayramovun, Emin Mahmudovu Dmitri Nazarovun və Mahir Emrelini Ramil Şeydayevin əvəzləməsi də səmərəsiz olub.

İllərdir,dəyişilən baş məşqçilər,xərclənən milyonlar amma dəyişən heç nə yoxdur.Azərbaycan futbolunda yanlış idarəçilik,aşağı yaş qruplarına göstərilməyən diqqət,rayon komandalarına göstərilməyən maddi dəstək və.s futbolumuzun bu səviyyəyə gəlib çıxmasına şərait yaratdı.Danışılacaq çox söz var,amma deyiləcək söz qalmadı.Futbolun bu qədər çox sevildiyi bir ölkədə,futbolun bu qədər bərbad vəziyyətdə olması həqiqətən üzücüdür…

Milli komanda növbəti görüşünü iyunun 6-da Serbiyanın Novi-Sad şəhərində Belarusa qarşı keçirəcək…

 

TEREFSİZ.AZ