Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında mühafizə zonası yaradılacaq

0
89

Gürcüstanın Vaşlovani Milli Parkı və Azərbaycan-Gürcüstan dövlət sərhədi arasında mühafizə zonası yaradılacaq.

“TEREFSİZ.AZ”ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Gürcüstan hökumətinin bugünkü iclasında qurumun Nuqzar Zazanaşvili adına çoxfunksiyalı Samux vadisində mühafizə ərazisinin yaradılması və idarə olunmasına dair hazırladığı qanun layihəsi bəyənəlib.

“Yaradılacaq zona Gürcüstanda tanınmış ekoloq və şair Nuqzar Zazanaşvilinin adını daşıyan ilk mühafizə ərazisi olacaq. Nuqzar Zazanaşvilinin birbaşa iştirakı ilə ölkədə bir çox qorunan ərazilər yaradılıb, həmçinin 2013-cü ildən ceyranların populyasiyasının bərpa layihəsi fəal şəkildə həyata keçirilib”, – məlumatda deyilir.

Nazirlikdən bildirilib ki, 1990-cı illərdə Gürcüstanda ceyranların nəsli tam kəsilib. Ceyranların populyasiyasının bərpası üzrə layihə Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) və Azərbaycan hökumətinin fəal dəstəyi ilə həyata keçirilib. Bu gün Samux vadisində ceyranların populyasiyasının sayı 200-ü ötüb. Bu il onların artıq səkkizinci nəsli dünyaya gəlib.

Qurumdan qeyd edilib ki, qorunan ərazinin yaradılması regionda ceyranların uzun müddət yaşamasına, biomüxtəlifliyin qorunmasına, ekoturiz və ənənəvi qoyunçuluğun inkişafına və otlaqlardan davamlı istifadəyə imkan verəcək.

 

TEREFSİZ.AZ